Xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan-İordaniya dostluq və tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq istiqamətləri üzrə hazırkı vəziyyəti və inkişaf perspektivləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Nazirlər dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimadın ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm zəmin yaratdığını vurğulayıblar.
Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da zənginləşdirilməsi, regional və qlobal proseslər üzrə fikir mübadiləsinin davam etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Tərəflər əməkdaşlığın daha da sistemli inkişafı üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin, eləcə də Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının imkanlarından daha səmərəli istifadənin vacibliyini vurğulayıblar.
Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Qarşılıqlı investisiyaların təşviqi, birgə layihələrin həyata keçirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, işgüzar səfərlərin və biznes forumlarının təşkili istiqamətində fəaliyyətin artırılmasının vacibliyi vurğulanıb.
Sənaye, enerji, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsal inkişaf, qida təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərə malik olduğu qeyd edilib. Azərbaycan tərəfi İordaniya şirkətlərini ölkəmizin tranzit və logistika imkanlarından, xüsusilə Orta Dəhlizin yaratdığı üstünlüklərdən, eləcə də Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi əlverişli investisiya mühitindən faydalanmağa dəvət edib.
Humanitar sahədə əməkdaşlığın inkişafı, mədəniyyət, elm və təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Turizm sahəsində qarşılıqlı səfərlərin artırılmasının əhəmiyyəti vurğulanıb, 28 may 2026-cı il tarixindən Bakı-Əmman-Bakı marşrutu üzrə aviareyslərin həyata keçirilməsi müsbət qiymətləndirilib.
Görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" imzalanıb. Tərəflər sənədin vətəndaşların sərbəst hərəkətinə, turizm, iqtisadi, humanitar və işgüzar əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəyini bildiriblər.
Səfər çərçivəsində nazirlər həmçinin "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.
Nazirlər BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini nəzərdən keçirib, qarşılıqlı dəstəyə əsaslanan tərəfdaşlıqdan məmnunluq ifadə ediblər.
Görüş zamanı 2026-cı ilin ilk yarısında Azərbaycanda keçirilmiş Ümumdünya Şəhərsalma Forumu (WUF13), Bakı Enerji Həftəsi və bir sıra digər beynəlxalq tədbirlər, habelə cari ilin oktyabr ayında Bakıda keçiriləcək AQEM Sammitinə, eləcə də növbəti il İslam Əməkdaşlıq Təşkilatının sammitinə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Regional məsələlər üzrə müzakirələr zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti nəzərdən keçirilib. Böhranın yalnız siyasi və diplomatik vasitələrlə həllinin mümkün olduğu vurğulanıb, davam edən dialoq və danışıqlar prosesinə dəstək ifadə edilib.
Nazir Ceyhun Bayramov həmkarını Azərbaycan-Ermənistan normallaşma prosesi, ötən ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sammit çərçivəsində əldə olunmuş razılaşmalar, eləcə də sülh prosesində mövcud vəziyyət barədə ətraflı məlumatlandırıb.
Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi, eləcə də mina təhlükəsinin yaratdığı çağırışlar barədə fikir mübadiləsi aparılıb.
Nazirlər Azərbaycan ilə İordaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini vurğulayıblar.
Keçirilmiş görüşlərin nəticəsində nazirlər mətbuat konfransında bəyanatlarla çıxış ediblər, media nümayəndələrinin suallarını cavablandırıblar.