İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Azərbaycanda Türkiyədən olan nümayəndələrlə birbaşa danışıqların aparıldığını təsdiqləyib.
Oxu.Az bu barədə İsrail KİV-nə istinadən xəbər verib.
"Baş nazir Benyamin Netanyahunun göstərişi ilə dünən, aprelin 9-da İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbinin başçılıq etdiyi hərbi-siyasi nümayəndə heyəti, o cümlədən Müdafiə Nazirliyi və təhlükəsizlik qüvvələrinin nümayəndələri və onların türkiyəli həmkarları arasında görüş keçirilib", - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, İsrailin baş nazirin ofisindən görüşün təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olunub.
Görüş zamanı tərəflər regional maraqları müzakirə edib, sabitliyin və təhlükəsizliyin qorunması üçün dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Azərbaycanda aprelin 9-da Türkiyə və İsrail rəsmiləri arasında görüş keçirilib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr yayıblar.
Bildirilib ki, bu, "Suriyada münaqişəsizlik" mexanizminin ilk texniki görüşü olub.
"İsrail Suriyaya aid hərbi bazaları hədəf alır. Həmçinin, İsrail Türkiyəni haqsız ittihamlarla hədəf göstərir. Türkiyə isə Suriyada İsraillə münaqişədə olmaq istəmədiyini dəfələrlə vurğulayıb", - məlumatda qeyd edilib.