Prezident İlham Əliyev Zəngilan Aqroparkının yaradılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir.
Fərman işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunması, həmin ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı, müasir texnologiyaların tətbiqi əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı infrastrukturunun yaradılması, aqrar-sənaye sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın və məşğulluğun artırılması məqsədilə imzalanıb.
Sənədə əsasən, Zəngilan və Qubadlı rayonlarının ərazilərində Zəngilan Aqroparkı yaradılır.
Müəyyən edilir ki:
1. Zəngilan Aqroparkı müasir texnologiya və üsulların tətbiqi yolu ilə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması, çeşidlənməsi və satışı üçün istifadə olunan, bu sahədə sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir;
2. Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin hazırlanması və icrası, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirakın təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir.
Zəngilan Aqroparkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, yol-nəqliyyat, yanğından mühafizə, istehsal və emal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin aparılması məqsədilə Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500 min manat vəsait ayrılıb.