Avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.
Oxu.Az xatırladır ki, Prezident İlham Əliyevin xanımı, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olub.
1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda "Göz xəstəlikləri" ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir.
1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) nəşr olunan "Azərbaycan - İrs" jurnalını təsis edib.
2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür. 2022-ci ilin noyabrında isə Xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun Baş direktoruna məktub ünvanlamışdır.
2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən Partiyanın sədr müavini, 2021-ci ildən isə Partiya sədrinin birinci müavinidir.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2005-ci, 2010-cu və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
2006-cı ilin noyabrında humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilib.