Bakıda "Axıska türkləri - İtmiş sürgünün izində" adlı sərgi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirin açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Dünya Axıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanov və digər qonaqlar iştirak ediblər.
Avqustun 28-dək keçiriləcək sərgi, axıska türklərinin sürgün tarixi, yaşadıqları faciələr, onların müxtəlif coğrafiyalara səpələnən taleləri və keçdikləri tarixi yola həsr olunub.
Xatırladaq ki, sərgi ilk dəfə bu ilin 12 iyun tarixində İstanbulda nümayiş etdirilib. Bakıda keçirilən tədbirə isə mərasim iştirakçıları xüsusi rəmzi məna olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə qatarla gəliblər. Çünki bir zamanlar məhz qatarlarla sürgünün ayırdığı yollar bu gün qardaşlıq və ortaq yaddaş vasitəsilə yenidən birləşdirilir ki, bu da sərginin əsas mesajlarından biridir.
Qeyd edək ki, Azərbaycan uzun illərdir ki, axıska türklərinə dəstək göstərir, onların ölkənin müxtəlif bölgələrində yeni həyat qurmasına şərait yaradır. Saatlı, Sabirabad, Şəmkir, Gəncə, Quba və Xaçmaz kimi şəhər və rayonlar axıska türklərinin ikinci vətəninə çevrilib.