"Bu yaxınlarda Mərkəzi Asiyada olarkən gördüm, bəzi bölgələrdə urbanizasiya o qədər sürətlənib ki, dünyanın ən münbit torpaqları artıq kənd təsərrüfatı üçün yararsız hala gəlib. Yüksək dəyərli meyvə-tərəvəz sahələrindən ildə üç dəfə məhsul götürmək mümkün olan torpaqlar plansız şəhər genişlənməsi nəticəsində itirilib. Ölkələrin adlarını çəkməyəcəyəm, amma hansı məhsuldar vadinin bundan əziyyət çəkdiyini təxmin etmək çətin deyil. Biz buna imkan verə bilmərik".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) icra katibinin müavini Dmitri Mariyasin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə bir alət kimi" adlı tədbirdə çıxışında deyib:
"Vacib məqam ondan ibarətdir ki, strateji ekoloji qiymətləndirmənin dəyəri yalnız yekun sənəddə və ya hesabatda deyil. Əsl dəyər aidiyyəti qurumların, ekspertlərin, ictimaiyyətin və icma liderlərinin prosesə cəlb olunmasındadır. Bu proses özü öyrənmə və yeni yanaşmaların kəşfi üçün mühüm platformadır. BMT olaraq vəzifəmiz ölkələrin əlində zəruri alətlərin olmasını təmin etməkdir. Biz strateji ekoloji qiymətləndirmənin təşviqində mühüm tərəfdaş olan Azərbaycanla və regiondakı digər ölkələrlə əməkdaşlığı davam etdirməyə hazırıq".
O, hazırda müsbət dinamika mövcud olduğunu, lakin daha çox iş görülməlisinin vacibliyini diqqətə çatdırıb:
"Daha çox üzv dövlətin protokola qoşulması vacibdir. Fürsətdən istifadə edərək zalda iştirak edən və bu bəyanatı eşidəcək bütün dövlətləri burada iştiraka çağırıram. Dünyanın istənilən ölkəsi Strateji Ekoloji Qiymətləndirmə Protokoluna qoşula bilər. Biz həmçinin üzv olan ölkələr üçün potensialın gücləndirilməsi dəstəyi və geniş təcrübə platforması təqdim edirik".