Tailand hakimiyyəti Konqo Demokratik Respublikasından (KDR) və Uqandadan gələn bütün insanlar üçün tibbi monitorinq rejimi tətbiq etmək qərarına gəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Thai PBS" nəşri məlumat verib.
Buna səbəb həmin ölkələrdə baş verən Ebola epidemiyasıdır.
Yeni qaydalara əsasən, bütün aviaşirkətlər KDR, Uqanda və Ebolanın yüksək yayılma riski olan digər ölkələrdən gələn hər bir sərnişinin məlumatlarının Rəqəmsal Gəliş Kartı (TDAC) platformasında yerləşdirilməsinə və Tailand tibbi monitorinq sistemində qeydiyyatdan keçməsinə nəzarət etməlidirlər.
Tailand səhiyyə orqanları bütün gələnlərin TDAC QR kodlarını gəliş zonasının çıxışında və ya birbaşa reyslərdə təyyarə pilləkənlərində yoxlayacaqlar.
Sərnişinlər həmçinin temperatur testindən keçməli, əlaqə məlumatlarını və yaşayış yeri barədə məlumatları təqdim etməli olacaqlar. Tibb işçiləri də öz növbəsində KDR və Uqandadan gələnlərin vəziyyətini 21 gün ərzində izləmək üçün tam hüquqa malikdirlər.
Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, bütün aviaşirkətlər uçuş hava limanında sərnişinlərin sağlamlıq vəziyyətini qiymətləndirməlidirlər.