Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Qüdrət Həsənquliyev İranın sərhədi qapamasına diqqət çəkib və sərt etirazını bildirib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, deputat deyib:
“Çox təəssüf ki, Aşura günü ərəfəsində özünü müsəlman adlandıran İran Naxçıvanın yolunu bağlayıb. Vaxtilə Yezid İmam Hüseyn tərəfdarlarını özünə tabe etdirmək üçün onun suyunu kəsmişdi. İndi də İran Naxçıvan camaatının yolunu kəsib”.
Deputat məsələ ilə bağlı BMT, İslam Əməkdaşlıq Təşkilatına müraciət etməyi təklif etdi. 30 milyon cənublu soydaşlarımızın milli şüurunun zəif olması səbəbindən İrana təsir imkanlarının olmadığını vurğuladı.
Bu mənada diasporun gücləndirilməsini təklif etdi. Amma Diaspor Komitəsinə cüzi vəsaitlə bu işin görülməsini mümkün saymadı:
“Bu vəsaiti ən azı 10 dəfə qaldırmaq lazımdır”.
Q.Həsənquliyev daha sonra sərt mesaj verib: “Mən İranın burdakı tör-töküntülərinə müraciət edirəm. Vaxtaşırı İsrailin bayrağını yandırırsınız. İndi kişiliyiniz çatsın, Naxçıvanın yolunu bağlayan İrana etiraz edin”.