Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Deputat: "31 Mart soyqırımı Azərbaycan tarixində deyil, bəşəriyyətdə də qanlı faciələrdən biridir"
"Soyqırımı bəşəriyyətin amansız faciəsi, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli cinayət hesab olunur. "Soyqırımı" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının qəbul etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir. Bu insanlıq əleyhinə törədilmiş cinayəti müəyyən edən bütün hallara Azərbaycan xalqının tarixində dəfələrlə rast gəlinir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Deputat bildirib ki, XVIII əsrdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub:
"Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, şəhər və kəndlərimizin dağıdılması, tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam edib".
S.Salmanova qeyd edib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir:
"Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirib, diri-diri yandırıblar. Erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrimizdə azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək onminlərlə günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-20-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 500 mindən çox insan vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub, milli mədəniyyət abidələrimiz dağıdılıb və ya məhv edilib".
"Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əleyhinə yönəlmiş əməl olmaqla ən ağır cinayət hesab edilir. Təəssüflər olsun ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, bəşəriyyət əleyhinə olan bu cinayətlərə münasibətdə adekvat reaksiya verilməyib, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilib. Onu da bildirim ki, uzun illərdir Ermənistanın Azərbaycan xalqına qarşı törətmiş olduğu etnik təmizləmə, soyqırımı cinayətləri ilə bərabər, mədəni irsimizə qarşı vandalizm aktlarına da hər hansı reaksiyanın verilməməsi dövlətlərə münasibətdə ayrı-seçkilik və laqeydliyin göstəricisi olmaqla, beynəlxalq humanitar hüquq prinsiplərinə də ziddir", -parlamentari vurğulayıb.
Onun sözlərinə görə, erməni millətçilərin hərəkətlərinə ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib:
"Ümummilli liderin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün önəmli bir vasitə oldu. Ulu öndərin fərmanı, həmçinin tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi "Azərbaycanlıların Soyqırımı Günü" elan edildi".
"Qan yaddaşımızın unudulmaması Azərbaycan Prezidenti İlham Əliyevin də ən çox diqqət yetirdiyi həssas məqamlardandır:
"Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi"nin yaradılması, həmçinin 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamın imzalanması sübut edir ki, xalqımıza qarşı törədilən vəhşiliklər heç vaxt unudulmayacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dahi sərkərdəliyi ilə torpaqlarımız azğın düşməndən azad olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Hazırda ən böyük amalımız Qərbi Azərbaycana qayıdışdır. Biz əminik ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində tarixi torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil".
Mərahim Nəsib
"31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" teqi üzrə xəbərlər
- 31 Mart soyqırımı: "Ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırıblar"
- İranla ABŞ arasında müharibə başlayır? - Xəbərlərin 20:00 buraxılışı
- Tarixçi Şamaxıdakı soyqırımı barədə: "Vədlərindən iki gün keçməmiş, Mart hadisələri baş verdi"
- Ermənistan silahlı qüvvələrinin son günlərdə törətdiyi təxribatlar nəyə hesablanıb?
- Ermənilərin Naxçıvanda törətdikləri qırğın: "Yeddi il yas saxlandı"