Bir nəfər, cəmiyyət qarşısında heç bir xidməti olmayan şəxs milləti söyür. Cəmiyyət qarşısında heç bir xidməti olmayan digər şəxs mənəvi dəyərlərimizi ələ salır. Cəmiyyət qarşısında heç bir xidməti olmayan başqa bir şəxs dillə deyilməsi mümkün olmayan bir yaramaz hərəkət edir.
Dərhal onların hərəkəti haqqında əksər saytlarda geniş məlumat yayılır. Televiziyalar geniş reportajlar hazırlayır, sosial şəbəkə ancaq bu mövzudan danışır. Hətta həmin şəxslərin adı ölkə parlamentində səslənərək onlar ölkəyə tanıdılır.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, həmin şəxslərin etdiklərinə heç bir bağışlanma ola bilməz, çünki onlar hərəkətləri ilə özlərini artıq cəmiyyətlə üzbəüz qoyublar.
Millət vəkili qeyd edib ki, bununla belə, layiq olmadıqları halda onlar məşhurlaşdırılır, az adama qismət olan ictimai tribuna verilir.
“Hətta bu azmış kimi, onların cəmiyyətin etirazına “əcəb etmişəm”, - deyə cavabı geniş şəkildə tirajlanır. Şəkilləri də bir qayda olaraq güləyən, hamıya iztehza edən formada verilir.
Bir anlığa düşünək: bizə elə gəlmirmi ki, onların məşhurlanmasına, antimilli fikirlərinin yayılmasına dəstək veririk, onların cəmiyyətə meydan oxumasına şərait yaradırıq?
Bu azmış kimi, təsadüfi insan(lar)ın şöhrətlənməyini görərək, bir neçə nəfər də “mən də elə düşünürəm”, - deyərək şöhrət projektorunun işığının indi də onlara tərəf yönəlməsini tələb edirlər.
Bu cür insanların cəmiyyətə çıxmaq, özlərinin zərərli fikirlərinin yayılmasına daima maneələr olmalıdır, onlar ictimai tribunalara yaxın belə düşməməlidir.
Bunun əvəzində isə hər birimiz onların özlərini sərbəst hiss etməsinə, yaşadığı cəmiyyəti ələ salmasını davam etməsinə yardımçı oluruq. Çox-çox təəssüflər və əfsuslar olsun!”, - deyə millət vəkili əlavə edib.
Kamil HƏMZƏOĞLU