Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputat: Sosial şəbəkələrdə təhqirə görə verilən cəzalar yetərli deyil
İstər siyasətçi, istər musiqiçi, istərsə də digər sahələr üzrə çalışan insanlar öz peşələrinə uyğun olaraq sosial şəbəkələrdən istifadə etməlidir. Təbii ki, bu, etik normalar çərçivəsində olmalıdır.
Deputatlıq fəaliyyətimlə yanaşı, uzun illərdən bəri musiqi sahəsində çalışan insan kimi ərsəyə gətirdiyim musiqi əsərlərini ictimaiyyətə, əsasən, internet şəbəkəsi vasitəsilə təqdim edirəm. Bu musiqilərin əsas xəttini vətənpərvərlik, dövlətin əldə etdiyi uğurlar təşkil edir. “Azərbaycan bayrağı”, “Sən oldun”, “Öndər Fondu”, “Qoruyaq uşaqları”, “Azərbaycan-Türkiyə” və başqa mahnıları buna misal çəkə bilərəm.
Oxu.Az xəbər verir ki, bunu bəstəkar, millət vəkili Novruz Aslan dilə gətirib.
Onun sözlərinə görə, informasiya cəmiyyətinin xarakterik xüsusiyyətləri və bütün müsbət məqamları ilə yanaşı, təhlükəli meyilləri də var.
O qeyd edib ki, bu sırada sosial şəbəkələr bəzən cəmiyyətin rifahına deyil, zərərli informasiyaların yayılmasına xidmət edir, insanların şəxsi həyatına mənfi təsir göstərir:
“Eyni zamanda, hazırkı informasiya bolluğunda bəzi hallarda daha dəqiq və keyfiyyətli informasiyanın seçim çətinliyi yaranır. Bu baxımdan, sosial şəbəkələr heç də informasiya cəmiyyətinin ali məqsədlərinə xidmət etmir.
Son dövrlər ölkəmizdə bəziləri tərəfindən sosial şəbəkələrin üstünlüklərindən sui-istifadə edildiyini görürük. Belələri öz sosial şəbəkə hesablarından dövlətə, hakimiyyət orqanlarına qarşı böhtan atmaqla məşğuldurlar.
Təəssüf ki, bunların arasında təhqirlərə yol verilməsi cəmiyyət tərəfindən narahatlıqla qarşılanır, haqlı olaraq insanların narazılığına səbəb olur. Azərbaycanda bu sahədə son illərdə müəyyən addımlar atılıb.
Belə ki, Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan atmağa görə müvafiq məsuliyyət nəzərdə tutulur. Məcəllənin 148-ci maddəsi isə təhqirlə bağlıdır.
148-1-ci maddədə göstərilir ki, internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hesab edirəm ki, bunlar yetərli deyil. Çünki bir sıra hallarda təhqir və böhtanların yayıldığı sosial şəbəkə hesabları xarici ölkələrdə açılır ki, buna qarşı mübarizə aparmaq çətindir. Ona görə bu məsələyə tamamilə yenidən baxılmalı, sosial şəbəkələrdə təhqir və böhtanlara qarşı yeni hüquqi mübarizə və nəzarət metodu tətbiq olunmalıdır. Çünki sosial şəbəkələrdə bəlli qrupların istifadə etdiyi qeyri-insani mübarizə metodları ümumilikdə cəmiyyəti narahat edir. Belə hallara qarşı hər kəs sərt reaksiya verməli, cəmiyyətimizə qarşı hörmətsizliyin qarşısı dərhal alınmalıdır”.
Kamil HƏMZƏOĞLU