"Hazırda Ağdam rayonunda 72, Füzulidə 60, Cəbrayılda isə 83 yaşayış məntəqəsi mövcuddur".
Oxu.Az xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın azad edilmiş ərazilərində dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə deyib.
O bildirib ki, Böyük Qayıdış proqramının icrası tam sürətlə davam edir:
"Hazırda 11 yaşayış məhəlləsi, 25 min mənzil və 18 864 fərdi yaşayış evi inşa olunub. Burada artıq insanlar yaşayır və regional bərpa layihələri ilə yanaşı, müxtəlif infrastruktur obyektləri də fəaliyyət göstərir. Həmçinin 593.7 kilometr uzunluğunda 16 avtomobil yolu istifadəyə verilib. Bərdədən Ağdama qədər dəmir yolu çəkilib. Bundan başqa, Azərbaycanda ilk dəfə olaraq dəmir yolu vağzalı ilə avtovağzalın birləşdirildiyi kompleks inşa olunub.
Beynəlxalq hava limanı isə başqa bir möcüzədir: Azərbaycanda ilk layihələrdən biri olaraq tamamilə mina ilə çirklənmiş ərazidə cəmi səkkiz ay ərzində tikilib. Bundan əlavə, 10 yarımstansiya, iki əsas su kanalı ilə təchiz olunmuş 5 su qurğusu və 4 əsas qaz kəməri istifadəyə verilib.
Habelə məktəblər, uşaq bağçaları və digər çoxsaylı layihələr də həyata keçirilir".