Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ərdoğanın Misir səfəri: Ankara-Qahirə əməkdaşlığının əhəmiyyəti böyükdür - ŞƏRH + FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra Misirə rəsmi səfər edib. O, sonuncu dəfə 2011-ci ildə - “ərəb baharından” sonra baş nazir kimi Qahirədə olmuşdu. Onda rəsmi Ankara Misirdə hakimiyyətə seçkilər yolu ilə gəlmiş “Müsəlman qardaşları” Hərəkatını dəstəkləmişdi və dini baxışlı təşkilatın iqtidara gəlməsinin müsəlman ölkələrində dünyəviliyə təhlükə yaratmadığını açıqlamışdı.
Əvvəllər, elə son illərdə də iki ölkə arasında münasibətlər hamar, birmənalı olmayıb. Türkiyə 1925-ci ildə Misirlə diplomatik əlaqələr qurub, 1948-ci ildə Qahirədə səfirlik açıb. Misirdə sosialistyönümlü hakimiyyətin qurulması ilə 1961-1963-cü illərdə münasibətlərdə fasilə yaranmışdı. 1963-cü ildən sonra əlaqələr bərpa edilib.
2013-cü ildə Misirdə seçki yolu ilə hakimiyyətə gələn Prezident Məhəmməd Mursinin hərbi yolla devrilməsi tərəflər arasında diplomatik münasibətlərin müşavir səviyyəsinə düşməsinə səbəb olmuşdu. Türkiyə hərbi çevrilişlərdən çox zərər görüb. Odur ki, Rəcəb Tayyib Ərdoğan da Misirdə baş verən bu hadisəni “hakimiyyət çevrilişi” olaraq dəyərləndirmişdi. O, hərbi rejimin başçısı, general Əbdülfəttah əs-Sisini “diktator” adlandırmışdı. Misir lideri isə Türkiyəni daxili işlərinə qarışmamağa çağırmışdı.
Amma ötən illər ərzində iki ölkə arasında iqtisadi əlaqələr davam edib.
2021-ci ilin birinci rübündə tərəflər arasında ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2022-ci ilin hesabat dövründə bu, 2,5 milyard dollar təşkil edib. Misir Türkiyənin Afrikada ən böyük ticarət ortağıdır. Ankara və Qahirə ticarət əlaqəsini 15 milyard dollara çatdırmağı hədəfləyir.
Ötən 13 il ərzində xarici işlər nazirləri dəfələrlə görüşlər keçiriblər. Türkiyə və Misir liderləri bu müddətdə ilk dəfə 2022-ci ilin noyabrında Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılış mərasimi çərçivəsində görüşüblər. Bu, iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxarıb. Qahirədə bunu “münasibətlərin inkişafının başlanğıcı” olaraq dəyərləndirdilər.
Ərdoğan-Sisi görüşü ilk növbədə Türkiyə-Misir münasibətlərinin müxtəlif sahələrdə inkişafı, genişlənməsinə yeni yol açacaq. Tərəflər arasında regional məsələlərin müzakirə olunacağı gözlənilir. Liviya və Aralıq dənizinin şərqinə dair uzun müddətdir gündəmdən düşməyən mövzulardan bəhs olunacaq.
Əsas mövzular sırasında heç şübhəsiz HƏMAS-İsrail müharibəsi, Qəzza zolağında vəziyyət, Fələstinin gələcəyinin də olduğu istisna edilmir.
Misir Afrikanın və Yaxın Şərqin əsas aktorlarındandır. Onun dəstəyi ilə regionda bir sıra layihələr reallaşır.
Ölkənin Qəzza zolağından qaçqın axını ilə üzləşəcəyi ehtimalı günü-gündən artır. Habelə 1978-ci ildə ABŞ-də İsraillə imzalanmış Kemp-Devid sazişinin aqibəti təhlükədədir. Çünki İsrail Qəzza zolağının Rəfah şəhərinə hücum edəcəyi halda, Misir bu razılaşmadan çıxacağını açıqlayıb. Bu isə regionda vəziyyəti daha gərginləşdirə bilər. Belə bir addımın atılması Ərəb Respublikasının dolayı da olsa HƏMAS-ı müdafiə etməsinə səbəb olar.
Ehtimal etmək olar ki, Ərdoğanla Sisi görüşdə Qəzza zolağındakı humanitar fəlakəti də müzakirə edəcəklər.
Türkiyə Misir də daxil olmaqla Körfəz Ərəb Dövlətləri İqtisadi Şurasının üzv ölkələri ilə birlikdə Fələstin probleminin həllinə yardım edə bilər. Bu həm də Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasına, sabitliyin bərpasına ciddi təkan olar.
Türkiyə-Misir əlaqələrinin genişlənməsi, inkişafı Afrikanın şimalındakı gərginliyin, münaqişələrin həllinə təsir göstərər. Bu, həmin regiona Türkiyədən investisiyanın cəlb edilməsinə də yardım edər. Səfərin nəticələri rəsmi Ankara və Qahirənin Liviyada, Sudanda vəziyyəti birgə normallaşdırmasına müsbət təsir göstərər.
Ərdoğanın Qahirəyə ziyarəti regionda terrora qarşı birgə mübarizəyə də yeni mahiyyət verə bilər.
Azərbaycanın Türkiyə və Misirlə münasibətlərinin daim yüksək səviyyədə olduğunu nəzərə alsaq, bu səfər Cənubi Qafqazda sülh, təhlükəsizlik, əməkdaşlığa töhfə verər. Misir həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 2023-cü il yanvarın 28-də Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Bakıya səfər etməsi də əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisi sayıla bilər.
R.T.Ərdoğanın Qahirəyə səfəri Türkiyə-Azərbaycan-Misir əlaqələrinin güclənməsi, inkişaf etməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Misiri Afrikanın qapısı adlandırırlar, bu ölkə dünyanın sivilizasiya mərkəzlərindəndir. Azərbaycan və Anadolu da qədim mədəniyyət ocaqlarından sayılır. Odur ki, bu üç dövlət bir-birinə layiq tərəfdaş ola bilər. Azərbaycan və Türkiyə strateji müttəfiqdir, Misir də onlarla birlikdə güclü müttəfiq ola bilər. Çünki buna onların bütün cəhətləri imkan verir.
“Report” İnformasiya Agentliyi
"Fələstin" teqi üzrə xəbərlər
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi