Ermənistan hökuməti Dağlıq Qarabağda məskunlaşdırmanı sürətləndirmək üçün xarici ölkə şirkətlərinin fəaliyyətindən yararlanır.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyindən məlumat verilib.
Təşkilatın araşdırmaları nəticəsində məlum olub ki, Ermənistan hökuməti 1999-cu ildən etibarən bir çox xarici ölkə şirkətlərini Qarabağa investisiya yatırmağa sövq edə bilib. Bu şirkətlərin bir çoxunun Qarabağdakı fəaliyyəti rəsmi şəkildə qeyd olunmasa da, faktiki olaraq rəsmi qeydiyyatda olan təşkilatların fəaliyyətində maraqlı nəticələr qeydə alınıb. Belə ki, Ermənistan da daxil olmaqla, Qarabağda rəsmi şəkildə fəaliyyət göstərən 24 şirkət hər il özlərinin Qarabağdakı istehsal müəssisələrinə 35 096 500 dollar investisiya yatırır. Bunun da hesabına Qarabağda 1325 daimi iş yeri açılıb.
Qarabağda fəaliyyət göstərən xarici ölkələrin şirkət rəhbərləri eyni zamanda burada özlərinin 6 törəmə, yəni yerli müəssisələrini də yaradıblar. Belə ki, onlar bu törəmə müəssisələrə hər il 2 745 300 dollar investisiya yatırmaqla, burada daha 400 nəfərlik daimi iş yeri yaratmağa nail olublar.
Bu qeyri-qanuni fəaliyyət nəticəsində xarici şirkətlər tərəfindən hər il Qarabağa 37 841 800 dollar investisiya qoyulur. İşğal altındakı ərazilərdə fəaliyyət göstərən xarici şirkətlər əsasən telekommunikasiya, parket kafel istehsalı, tikinti materiallarının və kənd təsərrüfatı məhsullarının istehsalı, ağac emalı və digər fəaliyyət növləri ilə məşğul olurlar.