Suriya Prezidenti Bəşər Əsəd Ermənistan parlamentinin vitse-spikeri Hakob Arşakyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkəsinin İrəvanı dəstəklədiyini deyib.
Əsəd “Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanın yanındayıq” deyə bildirib.
Əsədin Ermənistan üçün yanğısı sürpriz bir mövqe deyil. Hətta İkinci Qarabağ müharibəsi zamanı Suriyadan Ermənistana silah daşınmasına dair məlumatlar da var. Ancaq Əsədin məhz indi bu dəstək bəyanatını səsləndirməsinin arxasında dayanan amili görmək lazımdır.
Bunun Suriya cəbhəsində tüğyan edən qarşıdurmalarda İranın Bəşər Əsədi dəstəkləməsi və özünün formalaşdırdığı “Hüseyniyyun”, “Fatimiyyun” kimi proksi qruplaşmaları Əsəd naminə döyüşə qatması ilə əlaqəsi var.
Əsədin hakimiyyətini qoruyub-saxlaması üçün döyüşə atılanlar içərisində ermənilər də mövcuddur, indi İran onları özünün proksi qüvvələrinin hərəkət trayektoriyasına ürcah etmək istəyir.
Əsədin qabaran erməni sevgisi öz ölkəsində olan proksi qüvvələrin İranın Cənubi Qafqaz regionunda açmaq istədiyi kanala yerləşdirməsini təmin etmək üçün daha çox Tehrana lazımdır.
Əsəd İranın istədiklərini etmək və Ermənistanı dəstəkləmək məcburiyyətindədir. Çünki Ermənistan İranın Suriya və Livana silah daşıması üçün hava dəhlizi marşrutunda tranzit məntəqədir.
Bildirək ki, Suriyanın Hələb ərazisi İranın Livana gedən dəhlizində coğrafi lövbərdir.
Hələb hava limanı İrandan Suriya və Livana silah dəhlizinin bir hissəsi kimi, hava yolunun giriş qapılarından biri kimi xidmət edir.
Hələbdə erməni icmaları yaşayırlar. Deməli, İran və Ermənistan arasındakı əməkdaşlıq Suriya ilə yanaşı, İranın maraq dairəsində olan digər bölgələrə də aiddir.
Məsələn, 2007-ci ildə Ermənistan İraqdakı iranpərəst silahlı birləşmələrin Amerika qüvvələrinə qarşı atdığı raketləri İrana çatdırıb.
Deməli, Suriya və Ermənistan İranın əməliyyat tələblərini qarşılayır, Tehranın asimmetrik müharibəsində mühüm rol oynayırlar.
2023-cü ilin sentyabrında İsrailin “ALMA” analitik mərkəzinin yaydığı məlumatlar sensasiyalı sayıla bilər.
Həmin məlumatlardan bir hissəni təqdim edirik:
- İrandan Suriya və Livana silah nəqlində iştirak edən İranın “Mahan Air” şirkəti daşınma üçün sərnişin təyyarələrindən istifadə edir;
- 2018-ci ildə yaradılan Ermənistan şirkəti “Flight Travel” “Mahan Air”in Ermənistandakı qərargahı rolunu oynayır;
- ABŞ Maliyyə Departamenti “Mahan Air” və “Flight Travel”ə Pakistandan, Əfqanıstandan şiə milislərin Suriyaya daşınmasına yardım etməsinə görə sanksiya tətbiq edib;
- Bu təyyarələr, şübhəsiz ki, təkcə milis əməliyyatları deyil, həm də hərbi texnika və silahlar daşıyıb.
Məntiqlə, İran Ermənistanı Suriya və Livandakı səylərini dəstəkləməkdən ötrü istismar edir. İranın Ermənistandakı səfiri Mehdi Sübhani də bundan əvvəl Suriyada səfir olub. Əsədin dediklərini və silah trafikini nəzərə alsaq, Sübhaninin bu yaxınlarda Ermənistana dəstək ifadə etməsi başqa bir fonda aydınlaşır.
Çünki İranın Suriya və Livandakı diplomatları İran Xarici İşlər Nazirliyi tərəfindən təyin olunmuş diplomatdan çox, “Hizbullah” və Əsəd rejimi ilə fəaliyyətinin koordinasiyasından məsul olan SEPAH-ın yüksəkrütbəli zabitləridir.
Ola bilsin ki, Bəşər Əsəd adıçəkilən marşrutun yenidən canlana biləcəyi barədə İranın siqnallarını çatdırır.
Aqşin Kərimov