Azərbaycanın paytaxtı Bakı şəhərində 6-cı Beynəlxalq Müdafiə Sərgisi (ADEX) öz işinə başlayıb. Tədbirin açılışı Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutub.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı süjetdə məlumat verilib.
Qeyd olunur ki, açılışda dövlət başçısını birinci xanım Mehriban Əliyeva və müdafiə naziri Zakir Həsənov müşayiət ediblər. Prezident İlham Əliyev və Azərbaycan nümayəndə heyəti sərgidə ən geniş tərkibdə təmsil olunan Türkiyə müdafiə sənayesi müəssisələrinin stendlərini ziyarət ediblər.
Həmçinin videomaterialda vurğulanıb ki, "Baykar Teknoloji" şirkəti öz sosial şəbəkə hesabında "Gəzən sursat "Kasırga" ilə "ADEX 2026"dayıq" məzmunlu bir paylaşım edib.
Həmin paylaşımda "Azərbaycanın texnoloji imkanlarına güc qatacaq "Kasırga" xeyirli olsun" sözləri də öz əksini tapıb.
Bildirilir ki, 53 dövlətdən 280 müəssisənin iştirak etdiyi bu beynəlxalq sərgiyə ən böyük nümayəndə heyəti ilə məhz Türkiyə qatılıb.
Qeyd edək ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun ən qabaqcıl müdafiə tədbirlərindən biri hesab edilən "ADEX 2026" oktyabrın 2-dək davam edəcək.