Mayın 1-də Prezident İlham Əliyev Ağdaş rayonuna səfər edib.
Oxu.Az AzTV telekanalının saytına istinadən xəbər verir ki, dövlət başçısı Ağdaş şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin yeni ucaldılan abidəsini ziyarət edib.
Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov abidənin ətrafında aparılan tikinti-quruculuq işləri barədə dövlət başçısına məlumat verib.
Sonra Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Ümumi sahəsi 5 min 800 kvadrat metr olan mərkəz bütün zəruri avadanlıqla təchiz edilib. Buradakı ekspozisiya zalında ulu öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur.
Dahi şəxsiyyətin müxtəlif dövlərdə çəkilmiş fotoları 6 güşədə yerləşdirilib. Bu fotolarda ümummilli liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Ağdaşın inkişafına da xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Mərkəzdə xarici dil kursları, foto-video-audio studiya, informasiya texnologiyaları otağı, xalq çalğı alətləri dərnəyi, rəqs studiyası və internet klub fəaliyyət göstərəcək.
343 yerlik böyük konfrans zalı və kiçik konfrans zalında ictimati-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədi ilə açıq dəsrlərin keçirilməsi nəzərdə tutulub. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Ağdaş rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı dəfələrlə Ağdaşda olduğunu və açılışı olan Heydər Əliyev Mərkəzinin funksional əhəmiyyət daşıdığını bildirib.
“Azərbaycan ulu öndərin siyasətinə sadiqdir” deyən Prezident İlham Əliyev bu gün ölkəmizin inkişaf dövrünü yaşıdığını, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. İqtisadi sahədə uğurlu islahatların aparıldığını, yeni qəbul olunan 3-cü regional inkişaf proqramı çərçivəsində bir çox mühüm işlərin görüləcəyini deyən dövlət başçısı Ağdaşın da inkişafı ilə bağlı layihələrin icra ediləcəyini diqqətə çatdırıb.
Maqsud Şeyxzadə adına texniki humanitar təbiət fənlər təmayüllü gimnaziyanın direktoru Şəhla Hacıbalayeva və rayon Ağsaqqalar Şurasının sədri Rafiq Nəbiyev Prezident İlham Əliyevə ölkənin, o cümlədən Ağdaşın inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər. Sonda xatirə çəkli çəkdirilib.
Sonra Ağdaş rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı olub.
Burada ümumilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb. İş otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulub. İnzibati binada sakinlərlə və yerli icra nümayəndəlikləri ilə əlaqə yaratmaq üçün videokonfrans zalı mövcuddur. Konfrans zalı da ən son texnologiyalar əsasında qurulub.
Sakinlər İcra Hakimiyyətinə gəlmədən operativ idarəetmə mərkəzinin xidmətindən istifadə edərək onları narahat edən problemlərlə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada bilərlər. Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıqlarını verib.
Mayın 1-də YAP Ağdaş rayon təşkilatının yeni inzibati binasının da açılışı olub. Binada ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət güşə var. İnzibati otaqlarda da səmərəli fəaliyyət üçün hərtərəfli imkanlar yaradılıb.
Qeyd edək ki, indi 16 mindən çox siyasi həmfikiri bir araya toplayan YAP Ağdaş rayon təşkilatının üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verirlər, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.
Prezident İlham Əliyev daha sonra Meyvə Emalı zavodunun açılışını edib.
Ümumi dəyəri 4.2 milyon manat olan müəssisəsinin tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1.9 milyon manat dövlətin güzəştli kredit vəsaiti ayrılıb. 1.5 ha olan ərazidə yaradılan və ümumi sahəsi 2 min kvadratmetr olan zavod quru meyvə, bəhməz istehsalı və köməkçi sahələrdən ibarətdir.
Burada tələbata uyğun olaraq əsasən xurma, üzüm, gavalı, ərik və almadan quru meyvələr istehsal olunur. Bu məqsədlə mövsümdə 1.2 min tonadək müxtəlif meyvələrin tədarükü və emalı nəzərdə tutulur.
Zavodda quru meyvələr sənaye üsulu ilə istehsal olunduğu üçün həm dadına, həm yaxşı əmtəə görünüşünə, həm də yüksək səviyyədə qablaşdırılmasına görə fərqələnir. Hazır məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq. Müxtəlif xəstəliklərin müalicəsi üçün təbabətdə geniş istifadə olunan bəhməzin Azərbaycanda ilk dəfə sənaye üsulu ilə istehsalı da məhz bu zavodda həyata keçiriləcək.
Burada Prezident İlham Əliyevə Aran iqtisadi rayonu üzrə sahibkarlara verilən güzəştli kreditlər və onların xərclənmə təyinatları barədə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.
Bildirib ki, indiyədək 7612 sahibkara 326.3 milyon manat dövlətin güzəştli krediti verilib. Bu kreditlər hesabına 29 mindən çox yeni iş yeri yaradılıb. Sonda Prezident İlham Əliyev hazır məhsullara baxıb.
Ağdaşda olarkən dövlət başçısı Ləki stansiyasının açılışında da iştirak edib.
Dövlət başcısı stansiyanın əvvəlki görüntülərini əks etdirən foto-stendlə tanış olub. Burada dövlət başçısına Ağdaş-Qəbələ avtomobil yolunun yenidənqurulması layihəsinin sxeminə də təqdim edilib.
Prezident İlham Əliyevə məlumat verən nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, Azərbaycan Dəmir Yolları QSC-nin balansında olan Ləki Dəmiryol Vağzalı 1897-ci ildə inşa olunub. Uzun müddət əsaslı təmir işləri aparılmadığından bu stansiyanın sökülərək yenisinin inşası zərurəti yaranmışdı. Görülən işlər nəticəsində vağzal binasında müasir standatlara uyğun xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb.
Bina yeni invertar və avadlıqla təchiz olunub. Stansiyada sərnişinlərin rahat minib-düşməsi üçün yeni platforma tikilib. Qeyd edək ki, Ləki stansiyası xarakterinə görə yük stansiyasıdır. Bununla yanaşı, il ərzində burada 7 mindən çox sərnişinə xidmət göstərilir. Stansiyada orta hesabla sutka ərzində 40 qatar yola salınır.
Ağdaşa səfəri çərçivəsində Gilan Yem Emalı Zavodunun açılışında da iştirak edən Prezident İlham Əliyevə məlumat verilib ki, zavod istehsal sahəsi paketlənmiş halda 2 fabrikdən ibarətdir.
Toyuq və mal yemi istehsal sahəsi bu sahədə tanınmış xarici şirkətlərin texnologiyası və avadanlıqları əsasında qurulub. Birinci fabrikin istehsal gücü saatda 15 ton pres yem və 20 ton açıq yemdir. İkinci fabrikdə isə saatda 45 ton pres yem, açıq halda da 55 ton məhsul istehsal etmək mümkündür.
Ümumilikdə bir növbəli iş rejimində zavodun istehsal gücü 210 min ton toyuq və mal yemidir. O qeyd olunub ki, MDB məkanında və Avropa ölkələrinin əksəriyyətində bu gücə malik belə zavod fəaliyyət göstərmir.
Burada xammal kimi əsasən yerli məhsullardan istifadə olunur. Bunun üçün isə Samux, Beyləqan, Biləsuvar və Qəbələdə taxıl, arpa, qarğıdalı və günəbaxan sahələri yaradılıb. Layihənin icrası nəticəsində 105 yeni iş yeri yaradılıb və işçilərin orta aylıq əməkhaqqı 500-600 manatdır.
Təbii ki, bütün bunlar da son illərdə Azərbaycan iqtisadiyyatın sürətli inkişafı sayəsində mümkün olub. Burada yaradılan şərait deməyə əsas verir ki, ölkədə yem istehsalı müəssisələrinin sayının çoxaldılması, onların istehsal gücünün daha da artırılması ilə bağlı görülən işlər öz bəhrəsini verir və qəbul olunmuş strategiyanın uğurla həyata keçirilməsinə təminat yaradır.
Daha sonra Ağdaş rayonunun həyatında mühüm hadisə olan Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub.
Uzunluğu 34 kilometr olan yolun əhəmiyyətini artıran ən mühüm amil ondan ibarətdir ki, o, 11 yaşayış məntəqəsini birləşdirir. Bu yol rayonun Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Ovculu, Abad, Qaroğlan, Pirəzə, Ağzıbir, Kotavan, Xınaxlı kəndlərinin ümumlikdə 20 mindən çox əhalisinə xidmət göstərəcək. Sakinlərlə görüşündə Prezident İlham Əliyev təbriklərini çatdırıb, ölkə üzrə bütün kənd yollarının yüksək səviyyədə yenidən qurulduğunu, hər bir bölgədə yeni yolların çəkiləcəyini bildirib. 71 kəndin olduğu Ağdaş yollarının da bu sırada mühüm yer tutduğu diqqətə çatdırılıb. Kənd sakinləri də göstərilən diqqətə görə təşəkkür ediblər. Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev Ağdaşdakı Bayraq Meydanında yaradılan şəraitlə də tanış olub.
Qeyd olunub ki, Bayraq Meydanının inşasına ötən ilin fevral ayında başlanılıb və bu ilin aprelində başa çatdırılıb. Bayraq dirəyinin hündürlüyü 52 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunub.
Meydan inşa olunarkən burada Azərbaycan memarlıq məktəbinin elementlərindən geniş istifadə edilib. Bayraq Meydanının ərazisində hərtərəfli abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb və müasir işıqlandırma sistemi quraşdırılıb. Rayon sakinlərin istirahəti üçün meydanda hər cür şərait yaradılıb.
Dövlət başçısı daha sonra 220 kV-luq “Ağdaş” yarımstansiyasının açılışında iştirak edib.
“Azərenerji” SC-nin sədri Etibar Pirverdiyev məlumat verib ki, bu yarımstansiyanın inşası və onun 110 kilovoltluq şəbəkəyə birləşdirilməsi, 220 kilovoltluq ikidövrəli “Abşeron yarımstansiyası - Mingəçevir su elektrik stansiyası” hava xəttinin tikintisi” regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən ən mühüm layihələrdən biridir. Yarımstansiyada ən müasir tipli elektrik avadanlıqları quraşdırılıb. Bu, ölkədə sayca 13-cü 220 kilovoltluq yarımstansiyadır. Yarımstansiyanın 110 kilovoltluq şəbəkəyə birləşdirilməsi üçün 60 km-dən artıq 110 kV-luq hava xətti çəkilib.
Bu layihənin icrası nəticəsində 500 kV-luq “Abşeron” yarımstansiyası ilə Mingəçevir su elektrik stansiyası arasında əlaqələr gücləndiriləcək, texniki itkilər əhəmiyyətli dərəcədə azalacaq və ümumilikdə aran bölgəsinin, o cümlədən, Ağdaş, Göyçay, Ucar və Qəbələ rayonlarının keyfiyyətli elektrik enerjisi ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
Prezident İlham Əliyev Ağdaşa səfəri zamanı Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə də tanış olub.
Rayon sakinlərin mənalı istirahəti, ağsaqqalların, gənclərin və kiçik yaşlı uşaqların asudə vaxtının səmərəli təşkili üçün 7 hektar ərazidə yerləşən Heydər parkında ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Parka füsünkar görünüş verən burada quraşdırılan 2 süni göl və 11 fəvvarədir.
Burada müasir işıqlandırma sistemi, müxtəlif attraksionlar, karusellər, ana və uşaq istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom, kiçik və böyük qatar atraksionları yaradılıb. Görülən işlər çərçivəsində açıq fitnes, 30 yerlik 5D kino zalı, tir atıcılıq mərkəzi də qurulub, ağac və dekorativ gül kolları əkilib.
11:40
Azərbaycan Prezidenti İlham Əliyevin Ağdaş rayonuna səfəri başlayıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzində Heydər Əliyevin yeni ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq İbrahimov prezident İlham Əliyevə H.Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, burada iki fəvvarə kompleksi yaradılıb. Abidənin ətrafı mərmərlə üzlənib, geniş yaşıllaşdırma işləri həyata keçirilib.