Geniş oxucu kütləsinə malik “Hind okeanının və Ərəb dənizinin səsi” (“VİOAS”) jurnalı Azərbaycan prezidenti İlham Əliyevi dünyada “İlin adamı” elan edib.
Oxu.Az-ın YAP-ın saytına istinadən verdiyi məlumata görə, jurnal bu münasibətlə cari ilin dekabr ayında dərc olunan xüsusi Milad nəşrini Azərbaycana həsr edib.
Qeyd edək ki, Seyşel adaları Respublikasında nəşr olunan “VİOAS” jurnalı strateji əhəmiyyətə malik olan Hind okeanı və Ərəb dənizi regionunun səsini dünyaya çatdırmaq missiyasını üzərinə götürüb. Jurnalın əsas məqsədi regiondakı əsas geosiyasi prosesləri işıqlandırmaqla yanaşı, ekosistemin qorunması və qlobal istiləşmə, dəniz quldurluğuna qarşı mübarizə, turizmin inkişaf etdirilməsi məsələlərinə diqqəti yönəltmək, eləcə də Hind okeanında və onun sahillərində yaşayan xalqlar arasında dostluğun və mehriban münasibətlərin möhkəmləndirilməsinə töhfə verməkdir.
Jurnalın üz qabığında “İlin adamı” kimi təqdim olunan prezident İlham Əliyevin 10 illik fəaliyyətindən sonra 2013-cü il oktyabrın 9-da yenidən xalqın böyük dəstəyi ilə prezident seçilməsi, habelə indiyədək ölkədə yoxsulluğu 90 faiz azaldan dövlət başçımızın ümumi daxili məhsulun həcmini 2020-ci ilədək iki dəfə artıracağı qeyd olunur.