Cənub Qaz Dəhlizi ilə bağlı Azərbaycanda bütün işlər qrafik üzrə gedir.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkel ilə birgə mətbuat konfransında bildirib.
Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi nəhəng beynəlxalq layihədir, dörd layihədən ibarətdir - “Şahdəniz-2” qaz-kondensat yatağının işlənməsi, Azərbaycan qazını Gürcüstan üzərindən daşıyan Cənubi Qafqaz boru kəməri, Azərbaycan qazını Türkiyəyə daşıyan TANAP və sonuncu, dördüncü hissə isə TAP-dır - Transadriatik kəmər:
“Dörd hissənin üçü artıq reallaşıb və TANAP-ın açılışı bu ilin iyun ayında baş verib. Qalan hissənin tikintisi prosesi gedir, ümid edirəm ki, burada da heç bir problem olmayacaq və vaxtında – yəni, 2020-ci ildə Azərbaycan qazı 3500 kilometrlik boru xətti ilə Avropa bazarına çıxarılacaq. Beləliklə, Avrasiyanın enerji xəritəsinə çox dəyərli bir töhfə veriləcək. Bununla Azərbaycan qarşısında duran enerji təhlükəsizliyi ilə bağlı olan bütün məsələləri həll etmiş olur.
Çünki əvvəlki illərdə tikilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftini Aralıq dənizinə çatdırır. Qara dənizə aparan Bakı-Supsa kəməri bizim təşəbbüsümüzlə tikilib, Bakı-Ərzurum qaz kəməri çəkilib və bu dördüncü layihə ilə biz qarşımızda duran bütün vəzifələri icra edirik”.
Azərbaycanın tranzit imkanlarından danışan dövlət başçısının sözlərinə görə, hər bir ölkə istəyər ki, onun ərazisindən daha çox yük keçsin.
“Hazırda biz Türkmənistan neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə dünya bazarlarına çatdırırıq və eyni zamanda, Orta Asiyanın quru yüklərini Azərbaycan ərazisindən yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə çıxarırıq.
Ancaq əlbəttə ki, Transxəzər kəmərinin tikintisi daha çox qazın sahibi üçün maraqlı olmalıdır, tranzit ölkələr burada təşəbbüs göstərməməlidir. Necə ki, biz qazın sahibi kimi 3500 kilometrlik kəmərin tikintisinə start verdik, böyük maliyyə vəsaiti ayırdıq.
Ona görə də əgər Xəzərin şərq hissəsində öz qazını Azərbaycan üzərindən dünya bazarına çıxarmaq qərarı olarsa, biz əlbəttə ki, buna çox maraqla baxa bilərik və onda öz qərarımızı verə bilərik. Ancaq bu qərar bizim yox, qarşı tərəfin olmalıdır”.