Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İlham Əliyev və Mehriban Əliyeva Qənirə Paşayevanın vəfatı ilə əlaqədar nekroloq imzalayıblar - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva, həmçinin dövlət və ictimai xadimlər Milli Məclisin deputatı Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıblar.
AZƏRTAC-ın məlumatına görə, nekroloqda deyilir:
“Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də ömrünün 49-cu ilində vəfat edib.
Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. O, orta məktəbi bitirərək 1991-98-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində oxuyub, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb, 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Əmək fəaliyyətinə 1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində başlayan Qənirə Paşayeva həmin şirkətdə 2005-ci ilədək müxtəlif vəzifələrdə çalışıb, 2005-12-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
Qənirə Paşayeva üçüncü, dördüncü, beşinci və altıncı çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan-Pakistan parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eləcə də Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qrupların üzvü olub. Qənirə Paşayeva, həmçinin, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.
Qənirə Paşayeva zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı ilə böyük hörmət və rəğbət qazanıb. Milli dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında onun təqdirəlayiq xidmətləri olub. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsində yaxından iştirak edib.
Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi dəyərlərinə xüsusi ehtiramı Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində həqiqi nüfuz qazandırıb. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi.
Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələr, müəllifi olduğu ssenarilər diqqət və maraqla qarşılanıb. Qənirə Paşayeva Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər edib, türk xalqları arasında birlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr verib.
Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Qənirə Ələsgər qızı Paşayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Ədalət Vəliyev
Fərəh Əliyeva
Adil Kərimli
Eldar Quliyev
Hicran Hüseynova
Əhliman Əmiraslanov
Eldar İbrahimov
Səməd Seyidov
Rafael Hüseynov”.
"Adil Kərimli" teqi üzrə xəbərlər
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Mədəniyyət naziri Adil Kərimli türkiyəli həmkarı ilə görüşüb
- Mədəniyyət işçilərinə şad xəbər - Mənzillə təminat müzakirə mövzusudur
- Adil Kərimli mədəniyyət işçilərinin hərbi xidmətə cəlb edilməsinə münasibət bildirdi
- Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraş Lorenso Kuinnin "Təbiətdə tarazlıq" sərgisi açılıb