Yanvarın 23-də Davosda dünyanın iqtisadi liderlərinin qeyri-formal toplantısı keçirilib.
“Zorakı ekstremizmin öhdəsindən gəlinməsi” mövzusunda sessiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Dövlətimizin başçısı çıxışında beynəlxalq aləmdə təzahür edən terror hallarına toxunub. Terrorizmin müxtəlif təzahürləri ilə mübarizədə Azərbaycanın üzləşdiyi problemlərdən danışıb. Ermənistan tərəfindən müxtəlif dövrlərdə ölkəmizə qarşı 30-dan çox terror aktının həyata keçirildiyini, nəticədə 2000-dən artıq soydaşımızın qətlə yetirildiyini deyən Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə müzakirəyə çıxardığı iki məsələdən birinin terrorizm mövzusuna həsr olunduğunu vurğulayıb.
Dövlətimizin başçısı onu da bildirib ki, Azərbaycan hər zaman terrorizmə qarşı beynəlxalq mübarizədə aktiv iştirak edib və antiterror koalisiyasının fəal üzvlərindən olub.
Yanvarın 23-də Prezident İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başa çatıb.
21:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru Jan Lu Şasad ilə görüşüb.
Oxu.Az AzərTAc-a istinadən, görüşdə “Gaz de France Suez” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.
Söhbət zamanı Bakıda və ölkəmizin digər regionlarında əhalinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz içməli su ilə təmin olunması, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi, “Şahdəniz” yatağından çıxan qazın alınması və digər sahələrlə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda həmçinin Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.
Klaus Şvab Dünya İqtisadi Forumu ilə Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək Prezident İlham Əliyevin Forumda iştirakının əhəmiyyətli olduğunu dedi.
Dövlətimizin başçısı Dünya İqtisadi Forumu ilə ölkəmiz arasındakı əməkdaşlıqdan məmnun qaldığını, əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu bildirdi. Azərbaycan Prezidenti bu Forumun bütün iştirakçı tərəflərə əməkdaşlığı daha da genişləndirmək üçün şərait yaratdığını vurğuladı.
Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlar və onun perspektivləri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, qlobal böhran və onunla bağlı proseslər ətrafında fikir mübadiləsi aparıldı.