Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkəmizin rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.
Xüsusilə, uzun fasilədən sonra Tehranda keçirilmiş "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının" 16-cı iclasından və səmərəli rəsmi görüşlərdən sonra Azərbaycanın İrandakı səfirinin XİN-ə çağırılaraq əsassız şəkildə etiraz bildirilməsinin və İran mətbuatında kampaniyanın genişləndirilməsinin anlaşılmazlıq yaratdığı qeyd olunub.
Bununla yanaşı, Ərdəbildə toplantı zamanı Azərbaycana qarşı səsləndirilən təhqiramiz ifadələrə görə imam Həsən Amulinin üzr istəməsi əvəzinə, Amulini dəstəkləyən kampaniyanın aparılması, Qəzvin imamı daxil bir sıra din xadimlərinin Azərbaycan əleyhinə fəaliyyətdə iştirak etməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Bu kimi addımların iki ölkə arasında münasibətlərə zərər vurmaq məqsədi daşıdığı, bunların qarşısının alınmasınının zəruri olduğu vurğulanıb.
İranın müvəqqəti işlər vəkili bəzi xoşagəlməz bəyanat və hərəkətlərdən təəssüfləndiyini bildirib və məsələni ölkəsinin səlahiyyətli orqanlarına çatdıracağına söz verib.
"Xarici İşlər Nazirliyi (XİN)" teqi üzrə xəbərlər
- Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı bəyanat yayıb
- Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb
- Rəsmi Bakıdan Fransaya sərt tələb: "Əsassız qarayaxma kampaniyasını dayandırın"
- Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər
- Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib