Ermənistanda siyasi gərginlik növbəti mərhələyə qədəm qoyur. Hökumət əleyhinə aksiyalara rəhbərlik edən keşiş Baqrat Qalstanyan dövlət çevrilişinə cəhddə ittiham edilərək saxlanılıb. Görünür, parlament seçkisi yaxınlaşdıqca Paşinyan hakimiyyəti yeni və potensial təhlükəli müxalif fiqurları zərərsizləşdirmək üçün hərəkətə keçib.
Amma niyə məhz indi?
Çünki Baqrat Qalstanyan kilsənin yüksəkrütbəli nümayəndəsi olsa da, 2024-cü ildən etibarən Ermənistanın siyasi səhnəsinə atılıb və hökumət əleyhinə aksiyalar təşkil edib. Ermənistan cəmiyyətində dinə və revanşizmə meylin hansı səviyyədə olduğunu, eləcə də kilsənin də hakimiyyətə qarşı əsas təsir güclərindən biri olduğunu nəzərə alsaq, Qalstanyanın mühafizəkar və millətçi elektoratın liderinə çevrilməsi ziddiyyətli deyil.

Bu baxımdan, ziddiyyətli olmayan digər məsələ Paşinyan hökumətinin Qalstanyanı bu məqamda hədəf almasıdır. Ermənistanda daxili narazılıqların dərinləşdiyi, hakim partiyanın reytinqinin zəiflədiyi, müxalifətin isə ümumiyyətlə nüfuzunun qalmadığı bir dönəmdə nə keşişin ortaya atılması, nə də zərərsizləşdirilməsi təsadüfi hadisədir - üstəlik, parlament seçkisinə bir ildən az vaxt qaldığı müddətdə. Bu səbəbdən Qalstanyana qarşı irəli sürülən dövlət çevrilişinə cəhd ittihamı hüquqi prosedurla yanaşı, həm də siyasi qabaqlayıcı tədbir kimi də dəyərləndirilə bilər. Yəni onu seçkiyə qədər neytrallaşdırmaq lazımdır.
Lakin Baqrat Qalstanyanın saxlanması sonun başlanğıcı da ola bilər və proseslərin yeni mərhələyə keçməsinə gətirib çıxarar. Çünki bu, daha geniş narazılığın siqnalı da deməkdir. Həmçinin kilsənin daxilində də bölünmələr dərinləşə, bəzi keşişlər və dini liderlər siyasi ritorikaya qoşula bilərlər. Hökumətin isə aksiyaların sərtləşməsi halında daha sərt repressiya mexanizmlərini nəzərdən keçirməsi istisna deyil. Bu isə Paşinyanın özü üçün də yeni risklər deməkdir.
Çünki tarixi təcrübəyə əsaslanaraq deyə bilərik ki, kilsənin siyasətə qarışması Ermənistanda dövlət institutlarını zəiflədən, ciddi təsir qüvvəsi olan əsas faktor olub. Kilsə bu ölkədə dini fəaliyyətlə deyil, siyasətlə, həm də revanşist siyasətlə məşğul olub. Yəni Qalstanyanın siyasi aktivliyinin arxasında yalnız vətəndaş narazılığı yox, həm də kilsənin tarixi müdaxilə tendensiyası dayanır. Ermənistan Apostol Kilsəsi uzun illərdir ki, siyasi proseslərə birbaşa və dolayı yolla təsir göstərir, bəzən xalqı radikallaşdırır, hökumətə qarşı təzyiq alətinə çevrilir, bəzən də hakimiyyətin özü üçün təsir rıçağı funksiyasında rol alır.

Bu baxımdan, Qalstanyanın "xalq üçün mübarizə" adı altında siyasi meydanda olması, əslində, dini institutun dövləti əvəzləmək cəhdidir. Bu isə nə demokratiyaya, nə də inkişaf edən cəmiyyət modelinə uyğundur. Çünki dövlət siyasətlə, kilsə isə ruhani həyatla məşğul olmalıdır. Bu sərhəd pozulanda nə inkişaf olur, nə də sabitlik. Necə ki, Ermənistan uzun illər bunu anlamadığı üçün bu gün çıxılmaz vəziyyətə düşüb və dalana dirənən ölkəni xaos bürüyüb.
Ona görə də Paşinyanın Qalstanyana qarşı addımı hüquqi addımla yanaşı, siyasi motivli olsa da, dövlətin kilsənin hökumətə qarşı müdaxilə cəhdlərini məhdudlaşdırması üçün zəruridir.
Mərahim Nəsib