"20 Sentyabr - Dövlət Suverenliyi Günü Azərbaycan dövlətçiliyinin qüdrətini, xalqın tarixi iradəsini və dövlət hakimiyyətinin ölkənin bütün ərazisində tam təmin olunmasını ifadə edən müstəsna tarixdir".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.
O bildirib ki, bu gün yalnız hərbi uğurun təqvimdə əbədiləşdirilməsi çərçivəsinə sığmır, əsrlər boyu formalaşmış dövlətçilik düşüncəsinin, müstəqillik əzminin və hüquqi varisliyin müasir mərhələdə bütövləşməsini təcəssüm etdirir:

"Suverenlik dövlətin sərhədləri daxilində ali hakimiyyətini sərbəst həyata keçirməsi, milli maraqlara uyğun daxili və xarici siyasət müəyyənləşdirməsi, konstitusiya quruluşunu etibarlı şəkildə qoruması deməkdir. Azərbaycan xalqı bu ali hüququ ağır sınaqlar, itkilər və ardıcıl mübarizə yolu ilə möhkəmləndirib, şəhidlərimizin fədakarlığı və qazilərimizin misilsiz şücaəti sayəsində bütöv dövlət reallığını qurub. Bu tarixin mənəvi çəkisi həm də ondadır ki, 1991-ci ildə yenidən bərpa olunan dövlət müstəqilliyi 2023-cü ildə bütün coğrafi hüdudları üzrə vahid konstitusiya hakimiyyəti ilə tamamlandı. Bununla Azərbaycan müstəqilliyin hüquqi statusunu zəruri siyasi, hərbi və inzibati təminatlarla daha da möhkəmləndirdi, dövlət iradəsinin heç bir xarici təzyiq və separatçı iddia qarşısında geri çəkilməyəcəyini beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Ermənistan otuz ilə yaxın davam edən təcavüz siyasəti ilə Azərbaycanın suveren ərazilərinin bir hissəsini işğal altında saxlayıb, yüz minlərlə vətəndaşı doğma yurdlarından məhrum edib, yaşayış məntəqələrinin məqsədli şəkildə dağıdılmasına, mədəni irsin və təbii sərvətlərin talanına səbəb olub. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasız qalması beynəlxalq hüququn tətbiqində seçiciliyi və mövcud vasitəçilik mexanizmlərinin səmərəsizliyini göstərib. Belə bir şəraitdə Azərbaycan uzunmüddətli strateji hazırlıq apararaq siyasi sabitliyini, iqtisadi potensialını, diplomatik mövqelərini və müdafiə qabiliyyətini vahid milli məqsəd ətrafında gücləndirib".
Onun sözlərinə görə, Prezident İlham Əliyevin qətiyyətli liderliyi altında formalaşdırılan bu çoxşaxəli güc modeli tarixi ədalətin bərpası üçün həlledici zəmin yaradıb:
"2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər işğalın əsas hissəsinə son qoyaraq regionda yeni siyasi reallıq formalaşdırdı. Azərbaycan Ordusunun yüksək peşəkarlığı və xalqın sarsılmaz birliyi işğal altındakı torpaqlarımızın böyük hissəsinin azad olunmasını təmin etdi. Sonrakı mərhələdə dövlət suverenliyinin praktiki mexanizmləri ardıcıl şəkildə tamamlandı. 2023-cü il aprelin 23-də Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması dövlət sərhədinə nəzarətin tam təmin olunması baxımından mühüm hüquqi və təhlükəsizlik addımı oldu. Həmin ilin sentyabrında cəmi 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirləri qanunsuz silahlı birləşmələrin tərksilahını və Azərbaycan Respublikasının konstitusiya quruluşunun Qarabağda bərpasını təmin etdi. Beləliklə, sentyabrın 20-si milli suverenliyin bütün ölkə ərazisində real və dönməz məzmun qazandığı gün kimi tarixə daxil oldu.
Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu tarixi nailiyyətə yüksək siyasi və hüquqi qiymət verdi. 2025-ci ilin Konstitusiya və Suverenlik İli elan olunması isə suverenliyin təhlükəsizlik anlayışından daha geniş məna daşımaqla hüquqi dövlət, vətəndaş məsuliyyəti, milli həmrəylik və institusional inkişaf məfkurəsi kimi cəmiyyətə daha dərindən aşılanmasına xidmət etdi. Bakı Metropoliteninin yeni stansiyalarından birinə "20 Sentyabr" adının verilməsi də qələbə yaddaşının gündəlik ictimai məkanda yaşadılmasına yönələn mənəvi rəmzdir. Bu gün tam suveren Azərbaycan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparır, Böyük Qayıdışı gerçəkləşdirir, sərhədlərinin təhlükəsizliyini möhkəmləndirir və region üçün davamlı sülh gündəliyi irəli sürür. Dövlət Suverenliyi Günü keçmiş mübarizənin şərəfli yekununu gələcəyin inkişaf məsuliyyəti ilə birləşdirərək hər bir vətəndaşı müstəqilliyin qorunmasına, dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə və qüdrətli Azərbaycanın tərəqqisinə xidmət etməyə səsləyir. Onun qorunması isə güclü dövlət, ayıq cəmiyyət və məsuliyyətli vətəndaş mövqeyi tələb edir".