Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan birgə müdafiə sazişi Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının formalaşması baxımından diqqət çəkir.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, saziş NATO-nun 5-ci maddəsinə bənzər prinsipə əsaslanır. Buna görə də tərəflərdən hər hansı birinə qarşı silahlı müdaxilə digər iştirakçılara qarşı müdaxilə kimi qiymətləndirilə bilər.
Bəs bu blok hansı zərurətdən yaranıb və konkret olaraq kimə qarşı yönəlib?
Beynəlxalq münasibətlər üzrə ekspert Telman Nüsrətoğlu Baku TV-yə bildirib ki, saziş Yaxın Şərqdə dəyişən geosiyasi vəziyyət və regionda artan təhlükəsizlik riskləri fonunda formalaşıb.
Ekspertin fikrincə, ABŞ-İsrail və İran arasında artan qarşıdurma Körfəz ölkələrini daha mürəkkəb təhlükəsizlik şəraiti ilə üz-üzə qoyub. Belə vəziyyətdə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi zərurəti yaranıb. T.Nüsrətoğlu hesab edir ki, sazişin əsas məqsədi konkret bir ölkəyə qarşı hərbi blok yaratmaq deyil.
Onun sözlərinə görə, burada əsas məqsəd mümkün təhdidlərin qarşısını almaq və müharibə risklərini azaltmaqdır. O həmçinin bildirib ki, gələcək mərhələdə Qətər və Küveyt kimi ölkələrin də bu sazişə qoşulması mümkündür.