UFC-nin yarımorta çəkidə (77 kq-a qədər) son çempionu, 34 yaşlı rusiyalı idmançı İslam Maxaçev Atlantik okean sahillərində balıq ovu zamanı köpəkbalığı tutmağı bacardığını açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, idmançı bu barədə özünün "Telegram" kanalında kadrlar paylaşaraq, videoya "Heç də asan olmadı" şərhini əlavə edib.
Qeyd edək ki, hazırda Maxaçev UFC-də ardıcıl 16 qələbədən ibarət seriya ilə irəliləyir. İslamın karyerası ərzində ümumilikdə 28 qələbəsi və sadəcə bir məğlubiyyəti mövcuddur.
Rusiyalı idmançı Nyu-Yorkdakı "UFC 322" turniri çərçivəsində keçirilən sonuncu görüşündə avstraliyalı Cek Della Maddalena ilə üz-üzə gəlib. Yarımorta çəkidə UFC titulunun ortada olduğu həmin döyüş Maxaçevin hakimlərin yekdil qərarı əsasında qazandığı qələbə ilə yekunlaşıb.
İdmançının növbəti qarşılaşması ABŞ-nin Filadelfiya şəhərində təşkil olunacaq "UFC 330" turnirində baş tutacaq. Bu görüşdə Maxaçev UFC-nin yarımorta çəki reytinqində birinci pillədə qərarlaşan irlandiyalı İen Qerri ilə mübarizə aparacaq.