Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlüd Çavuşoğlunun Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində onunla təkbətək və nümayəndələr heyətlərinin iştirakı ilə görüşlər keçirib.
XIN mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, nazirlər Azərbaycan ilə Türkiyə arasında dövlət başçıları səviyyəsində fəaliyyət göstərən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının xüsusi əhəmiyyətini qeyd edərək Şuranın 31 oktyabr 2017-ci il tarixində Bakıda və 25 aprel 2018-ci il tarixində Ankarada keçirilmiş iclaslarının ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin inkişafında başlıca rol oynayan amillər kimi səciyyələndiriblər.
Azərbaycan ilə Türkiyə arasında durmadan inkişaf edən əməkdaşlığın iki ölkə ilə bərabər bütün bölgənin tərəqqisinə, sülhə və sabitliyə xidmət etdiyini qeyd edən nazirlər artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və TANAP layihələrinin əhəmiyyətinə toxunublar.
Tərəflər ölkələrimiz arasındakı ikitərəfli əlaqələri tamamlayan Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə, Azərbaycan-Pakistan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatlarının praktiki vacibliyini qeyd ediblər.
Nazirlər Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalının regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə olduğunu vurğulayıblar. Mövlüd Çavuşoğlu Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyənin mövqeyini bir daha vurğulayaraq münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.
Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Türkiyənin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən məmnunluq bildirildi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə razılıq ifadə edilib.
Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
19.36
Türkiyə və Azərbaycanın birgə fəaliyyəti təkcə ölkələrimiz deyil, bütövlükdə region üçün önəmlidir. Ölkələrimizin həyata keçirdiyi birgə layihələr regionda böyük iqtisadi inkişafa səbəb olacaq.
Oxu.Az xəbər verir ki, bu fikirləri iyulun 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycan artıq Türkiyədə böyük investora çevrilib.
Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşdə müzakirə olunan məsələlər barədə məlumat verib.
18.41
Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında görüş başa çatıb.
Oxu.Az-ın məlumatına görə, görüşdə nazir Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə edilib.
17:42
Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb.
Oxu.Az-ın xəbərinə görə, nazir Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş keçiriləcək.
Görüşdən sonra mətbuat konfransı nəzərdə tutulub.
Azərbaycanın xarici işlər naziri Elmar #Məmmədyarov Türkiyəli həmkarı xarici işlər naziri @MevlutCavusoglu 'u səmimi salamlayaraq qarşılayır. @MevlutCavusoglu'nun səfəri #Azərbaycan - #Türkiyə arasında ən yüksək səviyyəli dostluq, tərəfdaşlıq və qardaşlığın nümunəsidir pic.twitter.com/XSg3SVAyAZ
— MFA Azerbaijan🇦🇿 (@AzerbaijanMFA) July 24, 2018