Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli Məclisdə böyük toplantı olacaq
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin, Azərbaycan parlamentarizminin yaranmasınının 100 illiyi ilə bağlı sentyabrın 21-də keçiriləcək xüsusi və təntənəli iclasa parlament sədrləri, müavinləri səviyyəsində qatılacaq ölkələrin adları məlum olub.
Oxu.Az-ın Milli Məclisdən (MM) əldə etdiyi məlumata görə, 40-dan artıq ölkənin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin qatılacağı xüsusi və təntənəli iclasda Türkiyə, Səudiyyə Ərəbistanı, Gürcüstan, Əfqanıstan, Küveyt, Bəhreyn, Bosniya və Herseqovina, Bolqarıstan, Cibuti, İndoneziya, Pakistan parlament sədrləri səviyyəsində təmsil olunacaq.
Bildirilib ki, başqa bir neçə ölkə də var ki, onların sədr səviyyəsində tədbirə qatılması gözlənilir.
Qeyd olunub ki, xüsusi və təntənəli iclasa Rusiyanın, İranın, Macarıstanın, Polşanın, Serbiyanın, Monteneqronun, Çexiyanın, Qazaxıstanın, Özbəkistanın, Tacikistanın, Vyetnamın parlament sədrlərinin müavinləri qatılacaq.
Bununla yanaşı, təntənəli iclasa ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamenti, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının nümayəndələri iştirak edəcək.
“Bu, çox mühüm və olduqca vacib tədbirdir. Tək Azərbaycan parlamentinin deyil, həm də Azərbaycan dövlətinin adı ilə bağlı olan bir məsələ və tarixi hadisədir.
Ona görə tədbirin çox yüksək və möhtəşəm səviyyədə baş tutması üçün hər bir addım atılır, hər şey yüz dəfə ölçülüb-biçilir, adi bir məqam, bir detal belə nəzərdən qaçırılmır”, - deyə MM-dən bildirilib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az