"Biz baxmalıyıq ki, əslində məsələ nə imiş və hansı tərəfdən olub. İndiyə qədər rəsmi şəkildə İran Hərbi Qüvvələri elan ediblər ki, İran Naxçıvana dron hücumu etməyib. Biz bu sahədə ikitərəfli iş aparmalıyıq. Sizin əlinizdə olan məlumatlar bizə, bizim məlumatlarımız isə sizə lazımdır".
Bunu Baku TV-yə müsahibəsində İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib.
"Onun əsasında uyğun qərarlar verilib iş aparılacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, martın 5-də molla rejimi həyasızcasına Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dronlarla hücum edib. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.