"Kommunal xidmətlərin Vahid İnformasiya Sistemi 2029-cu ildə istifadəyə veriləcək".
Oxu.Az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, təəssürat subyektlərində rəqəmsallaşdırmaya keçidlə bağlı addımlar atılır:
"Azəristilik"də rəqəmsallaşma istiqamətində planlama mövcuddur. Həmçinin "Azərişıq" çərçivəsində təsərrüfat subyektləri səviyyəsində kommunal xidmətlərin Vahid İnformasiya Sistemi qurulmaqdadır. Bu sistem ilkin layihəsi artıq hazırdır. Hədəf modelinin 2029-cu ildə tam istifadəyə verilməsi planlaşdırılır.
Nazir müavini qeyd edib ki, Vahid Elektrikdoldurma Xidməti Platforması da artıq yaradılıb və fəaliyyət göstərir:
"Hazırda 143 obyekt "Skada" sistemi ilə rəqəmsal şəbəkəyə qoşulub. Bunlara 34-cü və 36-cı kiçik su elektrik stansiyaları, günəş elektrik stansiyası, eləcə də 110, 220, 330 və 500 kilovoltluq yarımstansiyalar daxildir. Həmçinin 40-a yaxın sistemdə mikro-"Skada" yaradılıb və ana sistemə makro-"Skada" vasitəsilə inteqrasiya olunub. Nəticədə, son 5 il ərzində fiber-optik kabel məsafəsi 850 km-dən 5 000 km-ə qədər artırılıb. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları artıq tamamilə "Skada" sisteminə qoşulub və yaşıl enerji zonası hədəfi çərçivəsində bu istiqamətdə fəaliyyət davam edir".
Aqil Vəlili