Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşür. Ölkədə aparılan rəy sorğuları hökumət başçısına etimadın kəskin azaldığını, hakimiyyətin bütün sahələrdə siyasətinin fiaskoya uğradığını sübut edir. İş o həddə çatıb ki, əhalinin artıq yarıdan çoxu Paşinyana inanmır, etimad göstərmir. Təbii ki, Ermənistanın siyasi rəhbərliyi bütün baş verənlərdən xəbərdardır və vəziyyəti düzəltmək üçün müxtəlif addımlar atır. Amma hər dəfə olduğu kimi, qaş düzəldən yerdə vurub gözü də çıxarmaq deyəsən “Mülki müqavilə”nin şüarına çevrilib. Hakimiyyət rəsmilərinin regionlara səfəri, bəzi məmurları nöqsanlara görə tənqid etmək, işdən çıxarmaq, sosial proqramlar, ucqarlarla bağlı “iqtisadi layihələr” gözlənildiyi kimi nəticə vermir. Ölkə daxilində isə siyasi vəziyyət getdikcə gərginləşir. Orduda baş verən intiharlar, sosial vəziyyətin günü-gündən çətinləşməsi, Qarabağ erməniləri ilə yaranan problemlər, Rusiya ilə münasibətlərin kəskin tonda davam etməsi kimi məsələlər hakimiyyəti müxtəlif addımlar atmağa məcbur edir. Hakim partiyanın mərkəzi aparatı tərəfindən hazırlanan populist və ucuz şoular isə əks effekt verir, müxalifət qanadının daha da aktivləşməsinə, yerli xalq tərəfindən hakimiyyətin daha da şiddətli tənqid edilməsinə səbəb olur.
Həbslər və “ifşalar”
Son aylar Ermənistanın siyasi mühitində həbslər və korrupsiya faktlarının aşkarlanması sürətlənib. Cəmiyyətdə müəyyən nüfuzu olan şəxslər müxtəlif bəhanələrlə həbsə göndərilir, müəyyən regionların icra başçılarının mülkləri barədə silsilə məqalələr dərc edilir. Bundan əlavə, bir neçə ay müddətinə həbsə göndərilən keçmiş siyasilərin də həbs müddəti uzadılır. Məsələn, Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan təhsil naziri işlədiyi dövrdə korrupsiyaya bulaşma iddiası ilə həbsə göndərilsə də, bu günə qədər də törədilən cinayət sübuta yetirilməyib. Amma bununla belə, siyasətçi bir ildir ki, azadlığına qovuşa bilmir. Aşotyanın siyasi dairələrdə nüfuzunu nəzərə alsaq, Nikol Paşinyanın sabah ciddi rəqibinə çevriləcək şəxsi azadlığa buraxması utopik görünür.
Orduda baş verən intiharlar, hərc-mərclik, özbaşınalıq və “dedovşina” kimi problemləri həll etmək əvəzinə, hakimiyyət general ovuna çıxıb. Müharibədən sonra nüfuzlu general və polkovnikləri həbsxanaya göndərmək tendensiyası 4-5 gün əvvəl yenidən vüsət alıb. Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan da həbsə göndərilib. Bu dəfə isə Paşinyan Qarabağdakı separatçı rejimin “rəhbəri”, hazırda Bakı həbsxanasında günlərini keçirən Arayik Arutyunyanın qardaşı Armen Arutyunyan kartından istifadə edib. İddiaya görə, Tiran bir restoranda yeyib-içən zaman Armenlə dalaşıb və silahdan istifadə edib. Bu səbəbdən də general barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Davanın digər iştirakçısı A.Arutyunyan isə azadlıqdadır. Göründüyü kimi, Arutyunyan ailəsi Paşinyana sadiq nökərliyini bir daha sübut edib.
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan da bu yaxınlarda azadlığına qovuşacağını düşünsə də, arzusu daşa dəyib. Ermənistan parlamenti tərəfindən qurulan və 44 günlük müharibənin şəraitini araşdıran komissiyaya ifadə verən keçmiş nazir hələ uzun müddət həbsdə qalacaq. Elə bu səbəbdən də Tonoyanın dünən açıqlama verərək parlament komissiyasının sədri Andranik Köçəryanı tənqid etməsi təsadüfi deyil.
Qeyd etmək yerinə düşər ki, son ay ərzində erməni KİV-lərində müəyyən regionların icra başçılarının sərvəti və mülkləri barədə silsilə məqalələr dərc edilir. Bu isə hakim partiyanın regionları ələ keçirmək uğrunda mübarizəsinin başqa təzahürüdür. Sözünü yerə salan və ona qarşı çıxa biləcək icra başçılarını həbsə göndərmək, ləkələmək Paşinyan hakimiyyəti üçün nə ilk, nə də sondur. Məsələn, Gorus meri Aruş Aruşunyanın uzunmüddətli məhkəmə çəkişmələri, həbsdə olması buna sübutdur. Eyni zamanda Kaçaran meri Manvel Paramzanyanın da həbsini bu sıraya daxil etmək olar.
Bundan əlavə, son aylar Ermənistanda ali təhsil müəssisələri ilə bağlı da qalmaqal səngimək bilmir. Müəyyən ali məktəblərin rektorlarına qarşı təqiblər, yerdəyişmələr də ölkənin müəyyən kəsimində ciddi narazılığa səbəb olub.
Miqrasiya problemi
Bu gün Ermənistanın üzləşdiyi əsas problemlərdən biri də artan mühacirət təhlükəsidir. Hakimiyyət apardığı siyasət nəticəsində görünməmiş demoqrafik uğur əldə etdiyini desə də, son 2 il ərzində ölkədən insan axını getdikcə sürətlənir. Qeyri-rəsmi məlumatlara əsasən, son dövrlər 28 min Ermənistan sakini və minlərlə Qarabağ ermənisi ölkəni tərk edib. Son 5 il ərzində isə mühacirət edənlərin sayı 112 min 629 nəfərdir və əsas rəqəmlərin daha çox olduğu qeyd edilir. Miqrasiyanın bir nömrəli səbəbi isə aşağı təhsil səviyyəsi, yüksək inflyasiya, sosial ədalətsizlik, korrupsiya və işsizlikdir. Qeyd etmək yerinə düşər ki, bu gün Ermənistan kəndlərində vəziyyət acınacaqlıdır. Ortayaşlı və cavan kişilərə bəzi marzlarda (Ermənistanda inzibati vahid) rast gəlmək müşkül məsələyə çevrilir.
Partiyadaxili məşvərətlər
Baş verən narazılıqlar və ciddi problemlər fonunda “Mülki müqavilə” partiyası daxili məşvərətlər keçirir. Son aylar isə bu gizli iclasların sayı kəskin şəkildə artıb. İclaslarda əsas söz sahibi olan Nikol Paşinyan bir sıra tapşırıqlar verir, partiya sıralarına yeni üzvlərin vacibliyindən danışır. Eyni zamanda “Mülki müqavilə” son dövrlər bölgə administrasiyalarında təmsil olunan müxalifət nümayəndələrinə qarşı “səlib yürüşü” keçirməyə başlayıb. Məsələn, Alaverdi, Gümrü, Vayts-Dzor kimi regionların rəhbərləri müxtəlif bəhanələrdə işdən uzaqlaşdırılır, yerinə hakim partiyadan təyinatlar olur. Bununla da partiya bölgələrdə və yerlərdə mövqelərini gücləndirmək planını tətbiq edir.
Paşinyanın planları
Baş naziri düşdüyü bataqlıqdan qurtarmaq üçün Qərb dairələri tərəfindən müəyyən planlar hazırlanıb. Bu planlardan biri növbədənkənar seçkilər olsa da, Paşinyanın bu yola üz tutacağı real görünmür. Hər nə qədər növbədənkənar seçkilər vasitəsilə hakim partiya Nikolun hakimiyyətini legitimləşdirmək, parlamentdə daha çox səsə sahib olmağı hədəfləsə də, bu ssenari kifayət qədər risklərlə doludur. Çünki daxili narazılıq və reytinqin ciddi şəkildə zəif olması nəzərdə tutulmayan problemlərə səbəb ola bilər və hakimiyyəti əldə saxlamaq qeyri-mümkün ola bilər. Ermənistanda isə bu ssenari bir dəfə reallaşıb. 2018-ci ildə baş nazir postuna seçilən Serj Sarkisyan bir neçə gün sonra sorosçu Paşinyan tərəfindən devrilmişdi. Bu səbəbdən də Qərb tərəfindən hazırlanan ikinci plan daha çox aktual görünür.
Plana əsasən, baş nazir komanda üzvlərindən birini, Qərbin də dəstəklədiyi şəxsi özünə birinci müavin təyin edəcək. Bu yolla hakimiyyəti ona təhvil verərək, Qərbin də qarantı ilə xaricdə siyasi sığınacaq əldə edəcək. Bu yerdə qeyd etmək lazımdır ki, Paşinyan Kanadanın baş naziri Castin Trüdo ilə dostluq edir və ötən il sözügedən ölkədə daşınmaz əmlak alıb. Xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl internet məkanında baş nazirin Kanada pasportuna sahib olması barədə faktlar paylaşılıb.
Göründüyü kimi, hər iki plan Qərb tərəfindən hazırlanıb və ağaları hansı ssenarini uyğun görsə, baş nazir onu da icra edəcək. Amma Paşinyanın ikinci planı seçəcəyi barədə artıq erməni siyasi kulislərində pıçıltılar başlayıb.
“Report” İnformasiya Agentliyi