Oxu.Az-ın suallarına politoloq Fikrət Sadıxov cavab verir.
- Dağlıq Qarabağda və ona yaxın rayonlarda erməni-azərbaycanlı müharibəsinə son qoyan atəşkəs barədə sazişin imzalanmasından 20 il ötür. Bu razılaşma bu gün hanıs rola malikdir?
- 20 il öncə bu razılaşmanın imzalandığı dövrdə ümid əlbəttə ki, var idi. Amma bu razılaşmanın imzalanmasının əsas səbəbi daxili-siyasi vəziyyətin mürəkkəbliyi, hərbi potensialın zəifliyi və işğal edilmiş Azərbaycan əraziləri idi. Mütləq fasilə lazım idi. Ciddi müdafiə, iqtisadi potensial, güclü müntəzəm ordu yaradılmalı idi. Ümumilikdə, bütünlükdə biz buna nail olduq. Aydındır ki, bu məsələ qismən həll edilib. Ölkədə sabitlik hökm sürür, daxili-siyasi çəkişmələr arxada qalıb.
Bununla yanaşı, məlum oldu ki, münaqişə qəbul edilmiş qərar, bəyanatları həyata keçirmək arzusunda olmayan ATƏT-in Minsk qrupunun nəzarəti altına keçdi. Yəni, bir sözlə beynəlxalq hüququn prinsip və normalarına göz yuman bir qurumun nəzarəti altına keçdi.
Bizi regionda yaranan vəziyyət təbii ki, qane etmir. Amma prinsipcə Ermənistanla atəşkəs rejiminə baxmayaraq Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək imkanı həmişə var.
- Siz dediniz ki, aparıcı dövlətlər münaqişəni nəzarət altına alıblar. Mümkün hərbi ssenari Azərbaycana qarşı sanksiyalara dönə bilərmi?
- Əgər bütün bu illər ərzində əsas aqressor dövlət sanksiyalara məruz qalmayıbsa, Azərbaycan öz torpaqlarını azad etmək istəyi səbəbindən sanksiyalara uğrasa bu yalnız status-kvo vəziyyəti ilə razılaşmaq deməkdir.
Mənim fikrimcə, ölkənin ərazi bütövlüyü bütün sanksiyalardan və bir sıra dövlətlərin baş verənlərə subyektiv münasibətindən üstündür.
- Bu, yeni müharibənin qaçınılmaz olması mənasına gəlir?
- Bu, bizim artıq sabah hərbi əməliyyatlara başlamağımızın lazım olması demək deyil. Amma biz elə bir vəziyyət yaratmalıyıq ki, elə bir hərbi potensial formalaşdırmalıyıq ki, münaqişənin hərb yolu ilə həlli çoxsaylı tələfata və Azərbaycandan kənarda olan düşmənlərimizin hisslərini oyatmağa səbəb olmasın.
Təbii ki, eyni anda diplomatik cəbhədə də, siyasi əlaqələr formatında da, elə həmin aparıcı dövlətlərlə və onların müxtəlif ictimai, siyasi və maliyyə təşkilatları ilə işdə də irəliləyişlər etmək lazımdır. Nəticədə isə qarşımıza qoyduğumuz məqsədə çatmaq lazımdır.
- Yeri gəlmişkən, aparıcı dövlətlər barəsində. Fransa prezidenti F.Olland bəyan edib ki, onun ölkəsi və Avropa İttifaqı bütünlükdə istər Ukrayna olsun, istərsə də Azərbaycan münaqişə olan dövlətlərin ərazi bütövlüyünü prinsipial olaraq dəstəkləyirlər. Bu Ukraynada baş verən faciəvi hadisələrin qərbin ərazi bütövlüyü məsələsinə və Azərbaycanda münaqişəyə qarşı tutduğu mövqeyə yenidən baxma anlamına gələ bilərmi?
- Çox istərdim ki, belə olsun. Əlbəttə, Ollandın bəyanatından belə bir nəticəyə gəlmək olar. Amma təəssüf ki, bu liderlərin bəyanatları və əməlləri arasında çox böyük fərq var. Yəni bu dövlətlərin qoyulan məsələ ilə bağlı ritorik baxışları praktiki əməllərinə uyğun gəlmir.
Əlbəttə, düşünürəm ki, müəyyən mənada Ukraynada baş verən hadisələr, Krımın işğalı ilə bağlı böhran, Ukraynanın cənub-şərq hissəsində hadisələr aparıcı dövlətlərin siyasətinə birmənalı şəkildə təsir etməlidir. Bu ölkələrin liderləri nəticə çıxarmalı, ayılmalı və anlamalıdırlar ki, Ukraynadakı vəziyyətin Cənubi Qafqazda təkrarlanması onların siyasi, strateji və iqtisadi maraqlarına zərbədir.
Düşünürəm ki, bu hadisələr bu aparıcı dövlətləri uzun çəkən yuxudan oyandırıb, konkret qərarlar qəbul etməyə vadar etməlidir. Ermənistanın yerində başqa bir dövlət olsaydı, artıq çoxdan sanksiyalara, bir çox ölkələr tərəfindən təzyiqə məruz qalmışdı. Amma təəssüf ki, biz bunu hələ ki, görmürük.
F.H.
www.oxu.az