Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Polşa prezidenti Ermənistanın iyrənc oyununa niyə alət oldu? - "Bu, diplomatik qalmaqaldır"
Ermənistan xarici qüvvələrin əlində alət olmaq missiyasını davam etdirir. Xüsusilə də bir ildən çoxdur ki, Ermənistan ərazisində yerləşib, mülki missiya adı altında hərbi-kəşfiyyat fəaliyyətləri aparan Avropa İttifaqı (Aİ) manipulyator olmaq istiqamətində daha çox fərqlənir. Qərbin həyata keçirdiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsinə əngəllər yaradır, çünki bu amil Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına və yekun sülh sazişinin imzalanmasına mane olur. Bütün bunların fonunda isə missiya həm nümayəndələrinin sayını artırır, həm müddətini uzadır, həm də Fransa kəşfiyyatçıları missiya adı altında öz bayraqları ilə Azərbaycanla sərhədə yaxın ərazidə yerləşirlər. Aİ-nin qərəzli mövqeyini nümayiş etdirən daha bir fakt kimi Avropanın digər ölkələrinin də prosesə cəlb edildiyini göstərmək olar. Belə ki, Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycanla şərti sərhəddə olub. Polşanın dövlət başçısı Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüş keçirib.
Andjey Dudanın Ermənistanla Azərbaycanın şərti sərhədinə gəlməsinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi bunu müxtəlif Avropa İttifaqına üzv ölkələrin və Avropa qurumlarının anti-Azərbaycan siyasətinin növbəti nümayişi olduğunu diqqətə çatdırıb.
XİN Azərbaycanın "strateji tərəfdaşı" olan ölkənin prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu"nda iştirak etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib.
Hətta bununla bağlı Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Andjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.
Mövzunu Oxu.Az-a şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, bir ölkə prezidentinin digər ölkəyə rəsmi səfəri zamanı həmin ölkənin ərazisindən digər ölkənin ərazisini binoklla izləməsi diplomatik qalmaqaldır:
"Çünki bu, diplomatik normalara uyğun gəlməyən bir məsələdir. Polşa prezidentinin bu hərəkəti Azərbaycan tərəfində çox böyük təəccüb və əlbəttə ki, etirazla qarşılandı. Həm sadə vətəndaşlar, həm də rəsmi dairələr bunun yolverilməz olduğunu hesab edirlər. Polşa ilə Azərbaycan arasında yaxşı münasibətlər var. Bütün sahələr üzrə əməkdaşlığımız mövcuddur. Ona görə də Andjey Dudanın belə hərəkəti başadüşülən deyil. Bunu ancaq xaricdəki ermənipərəst dairələrin təsiri altına düşmək kimi qiymətləndirmək olar".
"Azərbaycan əvvəldən bu məsələyə etirazını bildirsə də, təəssüf ki, Azərbaycana dost olan bir ölkənin rəhbəri Azərbaycana qarşı belə bir etinasızlıq, yolverilməz diplomatik demarş etdi. Bu hərəkət, əlbəttə ki, münasibətlərimizdə müəyyən soyuqluq yarada bilər. Çox istərdik ki, Polşanın rəsmi dairələri bu məsələ ilə bağlı Azərbaycana aydın və beynəlxalq normalara uyğun bir izahat versinlər. Biz Polşa da daxil olmaqla, digər ölkələrdən Azərbaycana qarşı hörmət göstərilməsini gözləyirik", - deyə deputat fikrini yekunlaşdırıb.
Hərbi ekspert Azər Bayramov da Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan və əsas havadarı Fransanın məkrli planlarının bir hissəsi olan Avropa İttifaqının Ermənistanda fəaliyyət göstərən dırnaqarası missiyasının iyrənc oyunlarına əlavə dövlətlərin də alət olunduğunu müşahidə edirik:
"Bu günlərdə Azərbaycan-Ermənistan şərti sərhədinə yaxın ərazilərə Polşa prezidentinin həmin missiyanın nümayəndələri ilə səfər etməsinə heç bir səbəb yoxdur. Çünki hazırda vəziyyət stabildir. Tam əksinə, belə səfərlər məhz vəziyyəti gərginləşdirməyə xidmət edir. Bu gün oraya səfər edən Avropanın digər rəsmiləri var ki, 30 il ərzində Azərbaycanın işğal altında qalan torpaqlarına heç bir səfər etməyib və orada dağıdılmış evləri, ümumiyyətlə ermənilərin xaraba qoyduqları əraziləri müşahidə etməyiblər. Bu da bir daha onların ikiüzlü və riyakar yanaşmasını ortaya qoyur".
"Hesab edirəm ki, Ermənistan və onun havadarlarının belə riyakar fəaliyyətindəki məqsəd ancaq vəziyyəti gərginləşdirmək və gələcəkdə Ermənistanın təxribatçı addımlarına dəstək vermək üçün dırnaqarası səbəb axtarmaqdan ibarətdir. Ancaq belə səfərlər və riyakar addımlar hansısa bir şəkildə Ermənistan tərəfinə kömək etməyəcək. Bunu Ermənistan və ona havadarlıq edənlərin hərbi-siyasi rəhbərliyi artıq mütləq şəkildə anlamalıdır", - ekspert əlavə edib.
Mərahim Nəsib
"Andjey Duda" teqi üzrə xəbərlər
- Azərbaycan XİN Polşa prezidentinin addımı ilə bağlı bəyanat yaydı
- Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub
- Varşava hava limanında Polşa prezidentinin təyyarəsi ilə bağlı problem yarandı
- Polşada sərhədçilərə qeyri-qanuni miqrantlara atəş açmağa icazə verildi
- Polşa prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək