Suriya tərəfi Şanxay Əməkdaşlıq Təşkialtında (ŞƏT) müşahidəçi kimi iştirak üçün bu yaxınlarda müraciət edib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə cümə günü Rusiya Federasiyası prezidentinin ŞƏT məsələləri üzrə xüsusi nümayəndəsi, XİN-in Asiya-Sakit okean əməkdaşlıq Departamentinin direktoru Baxtier Xakimov deyib.
“Təşkilatın genişləndirilməsi mövzusu bizim üzərində işlədiyimiz mövzulardan biridir,” – o deyib.
O, qeyd edib ki, ŞƏT hazırda tamhüquqlu üzvlüyün alınması üçün Pakistan, İran və Hindistandan müraciətlər alıb.
“Bundan başqa, bir sıra ölkələr onlara müşahidəçi statusunu verməyi xahiş edirlər. Bu ölkələr Azərbaycan, Ermənistan, Banqladeş, Nepaldır. Bu yaxınlarda Suriya tərəfindən də müraciət daxil olub”, - Xakimov deyib.
Xüsusi nümayəndə həmçinin qeyd edib ki, ŞƏT-in genişləndirilməsi ilə bağlı qərar artıq iyulun 10-da Ufada keçiriləcək sammitdə qəbul oluna bilər.