Oxu.Az-ın suallarını politoloq, keçmiş diplomat Fikrət Sadıxov cavablandırır.
- Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçisi statusu üçün müraciət edib, bunu bu həftə təşkilatın baş katibi Dmitri Mezensev bildirib. Azərbaycanın bu təşkilata marağını nə ilə izah etmək olar?
- Azərbaycan öz xarici siyasət prioritetlərinə müvafiq davranır. Bu prioritetlər, müxtəlif dövlətlərlə regional və beynəlxalq təşkilatlarla çoxvektorlu əməkdaşlığı diktə edir. AŞ-nin üzvüyük, Aİ ilə “Şərqi əməkdaşlıq” çərçivələrində əməkdaşlıq edirik, biz Qoşulmamaq Hərəkatına daxil olmuşuq. Bu konteksdə ŞƏT müşahidəçisi müraciəti bizim xarici siyasət prioritetlərimizə uyğundur.
ŞƏT yetərincə sanballı təşkilatdır, bura cənubi-şərqi Asiyanın aparıcı dövlətləri daxildir. Bu, Çin, Rusiya və digər əsas Asiya dövlətləridir. Düşünürəm ki, bu təşkilatda müşahidəçi statusunda olmaq bu regionun əsas problemlərinin müzakirəsində iştirak etmək, ümumiyyətlə, nə baş verdiyindən xəbərdar olmaq xarici siyasət konsepsiyalarımızın realizəsi üçün əhəmiyyətli amildir.
- Necə düşünürsüz, biz niyə belə perspektivli təşkilatda birbaşa tamhüquqlu üzv deyil, müşahidəçi statusu üçün müraciət edirik?
- Burada iki variant ola bilər. Ya Azərbaycan iki mərhələdə hərəkət etməyə üstünlük verir, yəni müşahidəçi statusundan başlayıb, sonradan tamhüquqlu üzv olacaq. Ya da biz müşahidəçi statusu ilə bizim üçün önəmli olan məsələlərin müzakirəsində iştirak edəcəyik. Müşahidəçi bizə qərarın qəbul edilməsində deyil, amma müzakirələrdə iştirak etmək imkanı verir.
Düşünürəm ki, mövcud mərhələdə bu status bizi tamamən razı salır. Şəxsən mən düşünmürəm ki, bu beynəlxalq strukturun tamhüquqlu üzvü olmağa can atmalı idik.
- ŞƏT çərçivəsində müxtəlif istiqamətli əməkdaşlıq məsələləri, müxtəlif layihələr müzakirə edilir. Bu təşkilatın çərçivələrində hansı qarşılıqlı fəaliyyət istiqamətləri bizim üçün daha maraqlı olar?
- Yeri gəlmişkən bildiyim qədər, Türkiyə də bu təşkilata maraq göstərir. Suala gəldikdə isə aydındır ki, Azərbaycan bir çox dövlətlər, eləcə də ŞƏT-in üzv ölkələrinə çox şey verə bilər, amma gəlin unutmayaq ki, bu təşkilatın tərkibinə cənubi-şərqi Asiyanın həm öz aralarında, həm də Avropa dövlətləri ilə münasibətdə olan aparıcı dövlətləri də daxildir. Düşünmürəm ki, bizim müşahidəçi statusumuz birtərəfli xarakter daşıyacaq, məncə bu maraq qarşılıqlı olacaq. Ehtimal edirəm ki, biz bu regional təşkilatın çərçivələrində müxtəlif layihələrdə əməkdaşlıq edəcəyik. Bu, həm ikitərəfli, həm də ümumiyyətlə, çoxtərəfli əməkdaşlıq olacaq.
- Bizim bu layihələrdə ehtimal edilən iştirakımıza ŞƏT-də müşahidəçi statusu üçün müraciət edən Ermənistanın bu təşkilatda iştirakı mane olmayacaqmı?
- Xeyr. Nəticədə, ŞƏT KTMT və ya NATO deyil, biz həm də Avropa Şurasının üzvüyük. Bu, bizi narahat etməməlidir, bu bizim xarici siyasətdə atdığımız addımlarda əks edilməlidir. Bizim iştirakımız, bu təşkilatda elə həmin Ermənistanın təşkil edə biləcəyi, anti-Azərbaycan yönümlü addımları, aksiyaları neytrallaşdıra bilər.
Ona görə də düşünürəm ki, biz heç nə itirmirik, əksinə, cənubi-şərqi dövlətlər arasında strateji əməkdaşlar qazanacaq və bu strukturun egidası altında formalaşdırılan müxtəlif layihələrdə fəal iştirak edəcəyik.
F.H.
www.oxu.az