Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qərbi Azərbaycan Xronikası: Arazdəyən, Aralıq, Aralıq Qoyun - türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Ermənilərin 1897-ci ildə yerləşdirildiyi türk yurdu" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Arazdəyən, Aralıq, Aralıq Qoyun toponimi haqqında söz açılıb.
Bildirilir ki, haylar zaman-zaman türklərə aid şəhərləri, qəsəbələri, kəndləri daim mənəvi terrora məruz qoyaraq saxtakarlıq üçün zəmin yaradıblar.
Arazdəyən - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd adıdır. Azərbaycanlıların yaşadığı kəndə ermənilər 1897-ci ildə köçürülüb. 1968-ci il iyulun 3-də kəndin adı dəyişdirilib Yerasx qoyulub.
Arazdəyən - Vedi rayonu ərazisində xutor olub və XX əsrin əvvəllərində ləğv edilib.
Aralıq - Şörəyel mahalının Düzkənd, sonralar Axuryan adlandırılan rayonda kənd adıdır. Kənddə azərbaycanlıların etnoqrafik qruplardan olan qarapapaqlar yaşayıb. Onlar 1918-ci ildə erməni soyqırımına məruz qalaraq deportasiya olunublar və buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilib. 1945-ci il dekabrın 7-də adı dəyişdirilib Yerezqavors qoyulub.
Aralıq - Talın mahalının eyni adlı rayonu ərazisində kənd olub. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə doğma torpaqlarından çıxarılıb və xaricdən köçürülən ermənilər yerləşdirilib.
Aralıq Qoyun - Göyçə mahalının Çəmbərək, sonralar Krasnoselo adlandırılan rayon ərazisində qışlaq adıdır və 1940-cı illərin axırlarında xarabalığa çevrilib.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycandakı toponimlərin kütləvi şəkildə adının dəyişdirilməsi, yaşayış məntəqələrinin xarabalığa çevrilməsi mənfur ermənilərin saxta, süni məkan yaratmaq xülyasının bir parçasıdır:
"Təbii ki, bu xülyalar elə yuxu kimi qalacaq, Qərbi Azərbaycanın əzəli və əbədi sakinləri yenidən öz tarixi torpaqlarının sakinləri olacaqlar".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:

"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlıları çıxarıb, erməniləri gətirib, kurort şəhər saldılar"
- Qərbi Azərbaycan Xronikası: "Cıvıxlılar qədim Baharlar türk tayfasının əsgərləri olublar"
- Xronika: Paşinyan Azərbaycana dəhliz verib, sadəcə olaraq, bunu "yol" adı altında gizlədir?
- Xronika: Napoleon Fransa krallarının iki qlobusunu niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?
- Xronika: "Əminik ki, bu qayıdış ermənilərin saxta əməllərinə və yalanlarına son qoyacaq"