Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qərbi Azərbaycan Xronikası: "Tava-təpə" sakral mənaları olan ərazidir"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Türklərin Qafqazdan Altaya eradan əvvəl II minillikdə köçməsini sübut edən dəlil" adlı veriliş efirə gedib.
Verilişdə erməni arxeoloqlarının Qərbi Azərbaycan ərazisində, xüsusən də Göyçə-Şəmşəddil bölgələrində aparılan qazıntılardan, "Tava-təpə"də tapılan nümunələrdən bəhs olunub.
Bildirilib ki, böyük türk mədəniyyətinin izləri bu gün Qərbi Azərbaycan ərazisində aparılan qazıntılar zamanı üzə çıxır:
"Böyük və Kiçik Qafqazın kəsişmə nöqtəsi, böyük yaylaq əraziləri ilə qışlaq məntəqələrinin sərhədində yerləşən "Tava-təpə"nin hərbi strateji mövqeyi ilə bərabər, sakral mənaları olan ərazidir. "Tava-təpə"də tapılan nümunələr Qafqaz ərazisində yaşayanların kimliyini, məişətini, inanc və adətlərini dəqiq müəyyən etməyə əsas verir".
Fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov tarixi faktlara nəzər salaraq bildirib ki, "Tava-təpə" abidəsi hələ, təxminən, 2005-ci ildən elmə məlum idi:
"Amma ərazidə bu günə qədər arxeoloji qazıntı işləri aparılmayıb, yalnız biz yerüstü materiallar əsasında müəyyən ilkin informasiyalar verilib. "Tava-təpə" çox strateji bir yerdədir. Bu, Böyük Qafqazla Kiçik Qafqazın bir-birinə ən yaxın olduğu yerdədir".
Onun sözlərinə görə, Qərbi Azərbaycanda Xocalı-Gədəbəy mədəniyyətinin daşıyıcısı olan türk tayfaları məskunlaşıb:
"Bunu Urartu kitabələri də sübut edir. Kür-Araz mədəniyyəti dövründə bu mədəniyyət daşıyıcıları Azərbaycan və Cənubi Qafqaz ərazisində çox sıx məskunlaşıblar. İndiyədək tədqiq olunan onlarla, bəlkə də yüzlərlə abidə var. Urartulular çox güclü dövlət olub, amma onlar Azərbaycana keçə bilməyiblər. Çünki burada mövcud olan güclü Xocalı - Gədəbəy mədəniyyətli tayfaları Kiçik Qafqaz dağlarında onların qarşısını kəsib, geriyə qaytarıblar. O vaxt ən uyğun düzən yer, strateji məkan "Tava-təpə" olub. Oradan Cənubi Qafqazın cənubuna, şimalına və şərqinə doğru çox rahatlıqla hərəkət etmək mümkün imiş".
Süjetdə tarixçi "Tava-təpə" və digər abidələr barədə daha maraqlı faktlar və fikirlər səsləndirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: