Rusiya-Azərbaycan münasibətlərində son günlər yaşanan gərginlik fonunda Bakının atdığı addımların nəticələri müzakirə mövzusu olub.
Baku TV-nin "Aktual gündəm" verilişində jurnalist Turan İbrahimovla bu hadisələrin pərdəarxası, Rusiyada bəzi jurnalist və bloqerlərin Azərbaycanla bağlı açıqlamaları və Bakının onlara verdiyi hüquqi-diplomatik cavab müzakirə edilib.
Müzakirədə bildirilib ki, İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevin Azərbaycanla bağlı sərt açıqlamalarından sonra Bakı məsələni emosional qarşıdurma müstəvisinə çıxarmayıb.
Azərbaycan tərəfi hüquqi və diplomatik mexanizmlərdən istifadə edib. Söhbət Azərbaycan Baş Prokurorluğunun Cinayət Məcəlləsinin 214, 281 və 283-cü maddələri üzrə başlatdığı hüquqi prosesdən gedir. Nəticədə həmin şəxslərdən bəziləri axtarışa veriliblər və barələrində həbs qətimkan tədbiri seçilib. Hadisələrin diqqətçəkən nəticələrindən biri isə Aleksey Çadayevin Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən istefa verməsi olub.