Azərbaycan Baş Prokurorluğu 14 iyul və 13 avqust 2026-cı ildə "Семён Уралов" adlı "YouTube" kanalında yayımlanan verilişlərdə Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiqinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də ayrı-ayrı şəxslərin fiziki məhvi ilə bağlı çağırışlara görə üç Rusiya vətəndaşı - jurnalist İvan Knyazev, siyasi məsləhətçi və media eksperti Semyon Uralov və politoloq, jurnalist Aleksey Çadayev barəsində cinayət işi çərçivəsində axtarış elan edib.
Bu faktların hüquqi müstəviyə keçirilməsi Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə nəticələnib.
Bunun ardınca isə hadisələrin siyasi çəkisi daha aydın görünməyə başladı.
Ən maraqlı məqamlardan biri - Aleksey Çadayevin Rusiya nəqliyyat nazirinin ictimai əsaslarla müşaviri vəzifəsindən istefa verməsidir. Çadayev öz qərarını onunla əsaslandırdı ki, kiminsə şəxsi ekspert mövqeyinin və ya ictimai açıqlamalarının dövlətlərarası münasibətlərə təsir göstərəcəyini və dövlətlərin birgə işinə maneələr yaradacağını sanmır.

Çadayevin verilişdəki çıxışından bir iqtibası yada salaq:
"Razılaşmalara əməl olunmasına nail olmaq üçün yeganə üsul onlara əməl etməyənləri birbaşa məhv təhlükəsi ilə üz-üzə qoymaqdır... Biri var, müharibədir, sən hansısa əsas fiqurları oyundan kənarlaşdırırsan. Biri də var ki, sözləşmə bağlanıb və onlara riayət olunmalıdır, sən isə razılaşmaya riayət etməyənləri ünvanlı olaraq aradan götürürsən".
Azərbaycan Baş Prokurorluğu tərəfindən beynəlxalq axtarışa verildikdən, Rusiyanın səfiri Bakıda Xarici İşlər Nazirliyinə dəvət olunduqdan dərhal sonra isə Çadayevin qəfildən yadına düşdü ki, bəs "Rusiya Nəqliyyat Nazirliyi var, fundamental dövlət vəzifələri ilə məşğuldur, xüsusilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizini qurur və inkişaf etdirir, fasiləsiz tranzit daşımalarının təmin edilməsi ilə bağlı ən mürəkkəb məsələləri həll edir və ölkə iqtisadiyyatının dayandığı çoxsaylı görünməz, lakin kritik əhəmiyyətli işləri həyata keçirir - o cümlədən Azərbaycan istiqamətində".
Sonda da əlavə etdi ki, "burada heç bir dram yoxdur".
Bu baxımdan, Çadayevin istefası, Azərbaycan tərəfinin başladığı hüquqi proses həmin şəxslərin ictimai və dövlət vəzifələri arasındakı məsafənin nə qədər vacib olduğunu Rusiya daxilində də görünən hala gətirdi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması da bu kontekstdə diqqətəlayiqdir. Moskva həmin şəxslərin fikirlərinin Rusiyanın Azərbaycana münasibətdə rəsmi mövqeyini əks etdirmədiyini bildirib və Rusiya-Azərbaycan münasibətlərinin mövcud ikitərəfli müqavilə-hüquq bazası əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Bu, diplomatik dildə kifayət qədər aydın mesajdır. Rusiya dövləti, bir tərəfdən, öz vətəndaşlarının ifadə etdiyi mövqelərlə dövlət siyasəti arasında sərhəd çəkir, digər tərəfdən isə Azərbaycanla münasibətlərin rəsmi hüquqi-siyasi çərçivəsini önə çıxarır.
Azərbaycanın üstünlüyü ondan ibarət oldu ki, Moskva daxilində səsləndirilən radikal ritorika dövlətlərarası münasibətlərin rəsmi mövqeyi ilə eyniləşdirilmədi. Çadayev istefa verdi, Moskvanın 2022-ci ildə imzalanan müttəfiqlik bəyannaməsini xatırladaraq özünü müdafiə etməsi diqqətdən yayınmadı.
Yəni, birincisi, Azərbaycan daxilində hüquqi proses başladı, ikincisi, təqsirləndirilən şəxslər Azərbaycan ərazisindən kənarda olduqları üçün beynəlxalq axtarış mexanizmləri gündəmə gətirildi, üçüncüsü və ən əsası - Rusiya tərəfi həmin şəxslərin mövqeləri ilə Moskvanın rəsmi siyasəti arasında açıq şəkildə məsafə qoydu. Bu üç nəticənin bir araya gəlməsi hadisəni sıradan informasiya qalmaqalından daha ciddi siyasi-hüquqi hadisəyə çevirir və Azərbaycanın prosesdə haqlı olmasını, Moskvanın da bu həqiqəti qəbul edib Bakı ilə əlaqələri itirməyi gözə almadığını təsdiqləyir.
Bu məqamda bir haşiyəyə çıxaq. Rusiyalı jurnalist və radio aparıcısı Armen Qasparyan bloqçuları və Rusiyanın ictimai-siyasi icmasının üzvlərini Azərbaycanla bağlı açıqlamalarında daha məsuliyyətli olmağa çağırıb. O, bu açıqlamanı "Solovyov LIVE" verilişində son zamanlar Rusiya mediasında və informasiya məkanında Azərbaycana qarşı edilən təxribatçı açıqlamalara münasibət bildirərkən verib.
Qasparyan sərt ictimai açıqlamaların müəyyən nəticələrə səbəb ola biləcəyini və yeni diplomatik qalmaqallara səbəb ola biləcəyini vurğulayıb. O xatırladıb ki, ictimai-siyasi məkandakı bloqçular, heç olmasa, bəzən sözlərinin necə şərh olunacağını əvvəlcədən fikirləşməlidirlər.
Bütün bunlar mövcud nəticənin əksi ola bilmədiyinin göstəricisidir. Azərbaycan milli maraqlarını prioritet hesab edir və dövlətçilik əleyhinə fəaliyyətləri kimliyindən asılı olmayaraq bağışlamır.
Burada Azərbaycanın ortaya qoyduğu siyasi davranışın əsas məqamını xüsusi vurğulamaq lazımdır. Azərbaycan məsələnin həllində qarşı tərəfin səviyyəsinə enmədi, emosional qarşıdurma və populist ritorika yolunu seçmədi. Əksinə, öz dövlətçilik mövqeyini hüquqi və siyasi mexanizmlərlə ortaya qoydu və nəticədə qarşı tərəfin təxribatçı ritorikasına ən ciddi cavabı məhz dövlətin çəkisi ilə verdi. Halbuki yuxarıda adıçəkilən şəxslərin ölkəmiz əleyhinə irəli sürdükləri mexanizmlərin bəzilərinin tətbiqi üçün vətəndaşı olduqları dövlətdə də kifayət qədər zəmin var.
* Üç rusiyalı və onların ölkəmiz haqqında səsləndirdiyi hədyanlar - VİDEO
* Qonşunun elə hey bizə tərəf hürən itləri… - VİDEO
* Azərbaycanı hədəf alan çağırışların arxasında nə dayanır? - VİDEO
Ümumiyyətlə, son illərdə postsovet məkanında siyasi proseslərin mühüm hissəsinin yalnız diplomatik masalarda deyil, media platformalarında, podkastlarda, sosial şəbəkələrdə və ekspert çıxışlarında da getdyini xatırlatmaq yerinə düşər. Uralov, Knyazev və Çadayevin fəaliyyət göstərdiyi "Чистота понимания" layihəsi də məhz bu informasiya mühitinin nümunələrindən biridir. Burada Rusiya, postsovet məkanı, geosiyasi proseslər, informasiya təsiri və hərbi texnologiyalar kimi mövzular müzakirə edilir. Belə platformalarda səsləndirilən fikirlərin auditoriyası klassik televiziya efirindən daha fərqli ola bilər. Lakin rəqəmsal platformanın qeyri-rəsmi xarakter daşıması onun nəticələrinin avtomatik olaraq qeyri-siyasi və ya hüquqi əhəmiyyətsiz olması demək deyil. Əksinə, dövlətlərarası münasibətlər gərgin olan dövrlərdə ekspert və media simalarının açıqlamaları siyasi proseslərin bir hissəsinə çevrilə bilir.
Beləliklə, hadisələrin xronoloji ardıcıllığına nəzər salanda, Azərbaycanın əldə etdiyi əsas nəticə də burada görünür. Azərbaycan öz suverenliyi və Konstitusiya quruluşuna qarşı yönələn çağırışlara cavab vermək üçün siyasi polemikadan hüquqi mexanizmlərə keçdi. Bu mexanizm isə yalnız Bakıda deyil, Moskvanın özündə də müəyyən nəticə yaratdı. Çadayevin istefası və Rusiya XİN-in həmin açıqlamaları dövlət mövqeyindən ayırması bunun ən bariz iki nümunəsidir.
Deməli, Azərbaycanın bu prosesdəki əsas üstünlüyü nəticəsiz, emosional səs-küydə deyil, prosesin qaydalarını dəyişməkdədir. Bu isə uzunmüddətli perspektivdə daha ciddi nəticə verə biləcək yanaşmadır. Bu yanaşmanın üstün və müsbət nəticəsi növbəti dəfə əyan oldu.

