Rejissor Konstantin Stanislavskinin məşhur "İnanmıram!" ifadəsi teatrda yalnız aktyorun mətnə deyil, yaratdığı obrazın həqiqiliyinə münasibətini ifadə edirdi. Səhnədə süni emosiyanı, mexaniki davranışı və inandırıcılıqdan uzaq təqdimatı qəbul etməyən Stanislavski aktyordan ilk növbədə daxili inam və gerçəklik tələb edirdi. Aktyor rolunu əzbərləyib çıxış edəndə Stanislavski nəzəriyyəyə çevrilən ifadəsini işlədirdi: "İnanmıram!"
Moskvada avqustun 27-də, günorta saatlarında Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında baş verən təxribatla bağlı yayılan videogörüntülər də istər-istəməz Stanislavskinin bu nəzəriyyəsini yada salır.
Çünki görüntülərə əsasən, naməlum şəxslər diplomatik korpusun yaxınlığında Azərbaycan əleyhinə təxribat xarakterli şəkillər və plakatlar yerləşdiriblər. Burada ilk diqqəti çəkən məqam hadisənin baş verdiyi vaxt və məkandır: günün günorta çağı, diplomatik nümayəndəliyin yaxınlığında naməlum şəxslər əraziyə yaxınlaşır, təxribat xarakterli materiallar yerləşdirir və bunu rahat şəkildə həyata keçirirlər. Əgər görüntülərdə əks olunan hadisə, həqiqətən də, bu şəkildə baş veribsə, ortaya çox sadə, lakin ciddi sual və nida çıxır: diplomatik nümayəndəliyin yaxınlığında təhlükəsizlik tədbirləri təşkil olunmamışdı? - İnanmıram!
Məlum məsələdir ki, söhbət hansısa ucqar kənddən, nəzarətsiz meydandan və ya təsadüfi bir binanın qarşısından getmir. Söhbət Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinin yerləşdiyi ərazidən gedir. Əgər diplomatik obyektin təhlükəsizliyi belə təmin olunursa, bu, artıq sadəcə, Azərbaycan əleyhinə bir neçə plakat məsələsi deyil, bu, təhlükəsizlik sisteminin özünə dair ciddi sualdır. Çünki bu gün əraziyə təxribat xarakterli plakat yerləşdirən şəxsin qarşısı alınmırsa, sabah həmin əraziyə daha təhlükəli məqsədlə gələnləri kim geri qaytaracaq və həmin şəxslərin terror-təxribat əməlinə imza atmayacağına kim zəmanət verir? - Təxribata göz yuman Rusiya hüquq-mühafizə orqanları? - İnanmıram!
Təhlükəsizlik tədbirlərinin əsas məqsədi hadisə baş verdikdən sonra günahkar axtarmaq yox, hadisənin baş verməsinə imkan verməməkdir. Bu baxımdan, hadisənin özü də kifayət qədər qəribədir. Naməlum şəxslər diplomatik nümayəndəliyin yaxınlığına gəlir, əvvəlcədən hazırlanmış təxribat xarakterli materialları yerləşdirir və bütün bunları kameraya çəkirlər. Sonra görüntülər yayılır. Burada artıq "spontan etiraz" təsəvvürü yaranmır. Əksinə, əvvəlcədən hazırlanmış, görüntüsü alınmış və informasiya dövriyyəsinə buraxılmış bir siyasi aksiya təsiri bağışlayır.
Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də etiraz bəyanatı yayaraq Rusiya Federasiyasının aidiyyəti qurumlarından bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb:
"27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli şəkillərin yerləşdirilməsini qətiyyətlə pisləyirik".
Hadisəni daha maraqlı və ya qaranlıq edən başqa bir məqam da var. 2025-ci il avqustun 27-də, yəni düz bir il əvvəl eyni gündə də Sankt-Peterburqda Azərbaycan əleyhinə aksiya keçirilmişdi.
Bir il sonra da eyni tarixdə Moskvada oxşar məzmunlu təxribata imza atılır. Bu, artıq ən azı sual doğuran bir təkrarlanmadır. Bütün bunlar təsadüfdür? - İnanmıram!
Axı haqlı suallar meydana çıxır: Niyə məhz 27 avqust, eyni anti-Azərbaycan ritorikası, yenə Azərbaycanda cinayət işi çərçivəsində araşdırılan şəxslərin azad edilməsi tələbi və ən başlıcası -niyə Rusiya ərazisində Azərbaycan diplomatik obyektlərinin yaxınlığında belə aksiyaların qarşısının alınmaması müzakirə mövzusudur? Bu suallara cavab verilmədikcə "təsadüfi aksiya" versiyası inandırıcı görünmür. Diplomatik obyektin qarşısında təhlükəsizlik tədbirlərinin bu qədər asanlıqla yan keçilməsi ilə bağlı izah verilmirsə, ən təbii reaksiya yenə də eyni olacaq: İnanmıram!