Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şarl Moris de Taleyran - Tarixin ən satqın diplomatının fransız olması təsadüfdür?
Mərahim Nəsib yazır...
Şarl Moris de Taleyran-Periqor 1815-ci ildə Birinci Fransa Respublikasının ilk baş naziri olub. Onun həyatı o qədər keşməkeşli, qarışıq, müəmmalı olub ki, hətta öləndə belə, heç kim inanmayıb. Tanıyanlar: "Knyaz Taleyran, həqiqətən, ölüb? Yəqin, bunda da bir marağı var", - deyə şübhələrini gizlətməyiblər. Taleyranı qısa və konkret belə səciyyələndirmək olar: o, 1-ci Fransa inqilabında inqilabın xeyrinə katolik kilsəsinə, Napoleonun xeyrinə həmin inqilabın dəyərlərinə, I Aleksandra (Rusiya imperatoru) görə Napoleona, Klemens fon Metternixin (Avstriya imperiyasının xarici işlər naziri, Vyana Konqresinin əsas təşkilatçısı) xeyrinə isə I Aleksandra xəyanət edib. Napoleona bivəfa çıxan Taleyran Burbonlar hakimiyyətinin bərpasına hamıdan çox kömək etsə də, Burbonlar devriləndən sonra onların hakimiyyətinə zidd olaraq Lui-Filippin ingilis hökuməti və bütün Avropa tərəfindən tanınmasına səy göstərib. Bir sözlə, onun bütün həyatı sonsuz xəyanətlər və satqınlıqdan ibarət olub.
Maraqlıdır ki, Taleyranın özü də bundan qətiyyən narahat olmur və özünü belə ifadə edirdi:
"Mən dahi şairəm və üç sülalədən ibarət trilogiya yaratmışam. Birinci aktım Bonapart imperiyası, ikinci aktım Burbonlar ailəsi, üçüncü aktım isə Orlean evidir".
Ən qəribəsi isə bu idi ki, fransız diplomat bəşər tarixinin ən peşəkar siyasətçilərindən olsa da, özünün heç vaxt bu sahəyə aid olmadığını deyirdi:
"Mənim bütün gəncliyim elə bir peşəyə sərf olundu ki, mən onun üçün doğulmamışdım".
Taleyran həm də Fransanın 45, 47, 52, 55-ci xarici işlər naziri olub. Onun dəfələrlə xarici işlər naziri olması da əbəs deyildi. Çünki təmsil olduğu hökumətlərin hamısı bir-birinə zidd olsa da, bu sistemləri elə Taleyran özü bir-birinə sata-sata şəxsən qurub-dağıtmışdı.
Ona görə də bir-birinə tərs mütənasib bütün rejimlərə xidmət edən və buna görə özünü qətiyyən təqsirləndirməyən siyasətçi haqqında ən düzgün analizlərdən birinin sovet tarixçisi, akademik Yevgeni Tarleyə məxsus olduğunu desək, yanılmarıq:
"Bu insanı nə idarə edirdi? Yüksək sənət səviyyəsinə çatdırılmış prinsipsizlik, yoxsa siyasi uzaqgörənlik və güclü reallıq hissi? O, bütün həyatı boyu hamını, ölümündən əvvəl isə şeytanı aldatdı".
Taleyranın yeganə üstün cəhəti isə səmimi olmasında idi. Çünki o, əməllərinə görə boş və mənasız arqumentlərlə heç vaxt özünü haqlı çıxarmağa çalışmayıb. O, sadəcə, onu məqsədinə çatdırmaq üçün lazım olan işlərin arxasınca qaçıb. Gördüyü işlər barəsində isə yaxşı və ya pis danışmayıb. Bir sözlə, Taleyran siyasətin əsl funksiyasını icra edən diplomat idi və demək olar ki, bütün siyasətçilərdən fərqli olaraq, bu peşənin əsl üzünü gizlətmirdi.
Taleyranın peşəkarlığını göstərən və onun karyerasının parlamasına zəmin yaradan əsas nüanslardan biri də dövrünün reallığı idi. Belə ki, o zaman iqtidarı ələ keçirmək və ya qoruyub-saxlamaq üçün dörd zümrəni düzgün dəyərləndirmək, güclərindən istifadə etmək və nəhayət, əldə saxlamaq lazım idi. Onlardan birincisi kəndlilər idi. Taleyran bilirdi ki, onların əksəriyyətinin məqsədi yalnız mülkiyyətini qoruyub-saxlamaqdan ibarətdir və bunun üçün istənilən adamın arxasında qaça bilərlər. Onların böyük hissəsini siyasət maraqlandırmırdı. Digər zümrə isə kilsə idi. Taleyran bunu da başa düşürdü ki, mühüm proseslərdə kilsənin də müstəqil rolu yoxdur və o, sadəcə, vasitəçi qismində çıxış edir. Geriyə iki zümrə qalırdı: zadəganlar və burjuaziya. Onları öz tərəfinə çəkmək hakimiyyəti qazanmaq və əbədi qorumaq demək idi və bunun üçün ən xırda səhvə belə qətiyyən yol vermək olmazdı. Çünki ən kiçik bir səhv hər şeyi alt-üst edə bilərdi. Taleyran səhv etmədi.
Bilmək olmaz, bəlkə də, bəşər tarixinin ən satqın, ən xain diplomatının fransız olması da sıradan fakt deyil. Bəlkə də, Fransanın çirk-pas içində olan ənənəvi siyasəti də genetik şüurdan irəli gəlir. Çünki bu ölkə əzəldən istər siyasi, istərsə də digər məsələlərdə natəmizlik içində boğulub.
Məsələn, Paris-2024 Yay Olimpiya Oyunlarında Sena çayında üzən idmançıların sonradan müxtəlif xəstəliklərə düçar olması heç kimə sirr deyil. Halbuki, bu çayda üzmək 100 il əvvəl qadağan edilib. Bunu ona görə xatırladıram ki, bir neçə yüz il əvvəl də Fransa bu gündə olub, indi də - şəhərləri o dərəcədə üfunət qoxuyub ki, bu dəhşəti müasir insanlar heç təsəvvür edə bilməzlər.
Olimpiadada istər insanların sağlamlığına məhəl qoyulmaması, istər digər ölkələrin etirazına səbəb olan siyasi səhvlər, istərsə də dini inancları alçaldan səhnələr iyrənc Fransa siyasətində heç nəyin dəyişmədiyini büruzə verdi.
Ölkə daxilində Emmanuel Makron hakimiyyətinin səriştəsiz siyasətinə etirazlar, istər etnik xalqlara edilən amansız ayrı-seçkilik, istər müstəmləkə ölkələrinin istismar edilməsi, istər digər dövlətlərin işinə yeri gəldi-gəlmədi burun soxmaq Parisin əsl üzünün əyani sübutudur.
Sözümün canı odur ki, Fransa üçün heç vaxt heç nə dəyişməyib. Bu ölkə əzəldən belə olub, indi də belədir. Taleyran ənənəsi nə vaxt ölsə, o zaman həmin dövrün insanları da deyəcəklər ki, "görəsən, Parisin bunda marağı nə idi?!"
"Fransa" teqi üzrə xəbərlər
- Fransada yeni baş nazir ən aşağı reytinqlə işə başladı
- Türkiyəli iş adamı Fransada futbol klubu aldı
- Fransada rüsvayçılıq - Uşaqların Yeni il hədiyyələrinə göz dikilib
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu