Baku TV-də "Gör nələri qaytarmışıq" adlı yeni veriliş efirə gedib.
İlk buraxılışda Ağdərədən bəhs olunub.
Otuz il boyunca insan səsinə həsrət qalan, Kəlbəcərlə Tərtəri və Qarabağın dağlıq hissəsini birləşdirən bu strateji bölgə həm kənd təsərrüfatı, həm də regional hərbi üstünlük baxımından müstəsna əhəmiyyətə malikdir. Bölgənin "su ürəyi" hesab olunan Sərsəng su anbarı işğal illərində düşmənin təzyiq vasitəsinə çevrilsə də, bu gün yenidən ətraf rayonların təsərrüfatına və enerji təhlükəsizliyinə xidmət edir.
Ağdərə 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı sayəsində azadlıq fəsli ilə tanış oldu. Xüsusilə, Talış və tarixi adı bərpa edilən Suqovuşan qəsəbəsinin eyni gündə azad edilməsi müharibənin gedişatını dəyişən ilk böyük strateji uğurlardan biri oldu.
Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı qərarla inzibati statusu bərpa edilən Ağdərə rayonunda bu gün yollar çəkilir, elektrik xətləri qurulur və irimiqyaslı infrastruktur layihələri icra olunur.
Hazırda 850-dən çox ailənin məskunlaşdığı və köç prosesinin sürətlə davam etdiyi Ağdərə dövlətimizin qətiyyəti sayəsində artıq sadəcə döyüş meydanı deyil, dirçəlişin və ümidin canlı simvoludur.