Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Trampın köməkçisi ABŞ-Azərbaycan münasibətlərindən danışdı
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Oxu.Az-a verilən məlumata görə, nazir Azərbaycanın ABŞ-la əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirərək, bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlıq həyata keçirildiyini qeyd edib.
Eləcə də, E.Məmmədyarov ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Öz növbəsində, C.Bolton Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.
Qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib.
Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunu diqqətə çatdıran E.Məmmədyarov münaqişənin həllində davamlı sülhə nail olunması üçün, ilk növbədə, Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və bu ərazilərdən zor gücü ilə qovulan insanların öz evlərinə geri qayıtmalı olduqlarını diqqətə çatdırıb.
Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi haqqında müzakirələr aparıblar.
Görüşdən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.