"Azərbaycan və Özbəkistan arasında münasibətlər bu gün ortaq siyasi iradəyə, qarşılıqlı etimada və uzunmüddətli strateji maraqlara əsaslanan müttəfiqlik modeli kimi inkişaf edir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Prezident İlham Əliyevin Özbəkistan səfərini şərh edərkən deyib.
Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistanı birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir:

"Lakin son illərdə bu təbii yaxınlıq ardıcıl siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanmış mühüm sənədlər nəticəsində yeni siyasi məzmun qazanıb. Strateji tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə yüksələn münasibətlər artıq konkret institusional mexanizmlər və geniş əməkdaşlıq gündəliyi ilə möhkəmlənir. İqtisadi əlaqələr siyasi münasibətlərin məntiqi davamı kimi inkişaf edir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi, birgə sənaye müəssisələrinin yaradılması, enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq Azərbaycan və Özbəkistanın ortaq iqtisadi məkan və yeni regional imkanlar formalaşdırmaq niyyətini ortaya qoyur. Eyni zamanda, iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı xüsusi siyasi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan türk dünyasında inteqrasiyanın dərinləşməsi, siyasi və iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat-kommunikasiya imkanlarının artırılması istiqamətində ortaq mövqedən çıxış edir. Bu yanaşma türk dünyasının beynəlxalq münasibətlər sistemində daha təsirli siyasi və iqtisadi mərkəzə çevrilməsinə xidmət edir".
T.Gəncəliyevin sözlərinə görə, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız iki qardaş ölkə arasındakı əlaqələr deyil:

"Bu münasibətlər daha geniş geosiyasi və geoiqtisadi məkan üçün əhəmiyyət daşıyan strateji tərəfdaşlıq nümunəsidir. Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən bu əməkdaşlıq regional sabitliyin, qarşılıqlı inkişafına və yeni nəqliyyat-logistika imkanlarının formalaşmasında mühüm rol oynayır. Bu gün Azərbaycan və Özbəkistan arasında mövcud olan siyasi həmrəylik və müttəfiqlik münasibətləri göstərir ki, ortaq tarix və qardaşlıq yalnız mənəvi anlayış deyil, eyni zamanda gələcəyə hesablanmış, konkret siyasi və strateji hədəflərə söykənən güclü əməkdaşlıq modelidir. Azərbaycan və Mərkəzi Asiya vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşır. Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının genişlənməsi nəqliyyat-kommunikasiya əlaqələrinin, enerji və investisiya layihələrinin inkişafına, regionlar arasında qarşılıqlı inteqrasiyanın güclənməsinə yeni imkanlar yaradır. İki ölkə arasında münasibətlərinin mühüm istiqamətlərindən biri də Özbəkistanın Qarabağın bərpası prosesində fəal iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya qoyulması və digər layihələr Özbəkistanın Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi quruculuq siyasətinə siyasi və praktiki dəstəyini nümayiş etdirir.
Səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi, yeni sənədlərin imzalanması və dövlət başçılarının qarşılıqlı olaraq yüksək dövlət təltiflərinə layiq görülməsi ikitərəfli münasibətlərin siyasi səviyyəsinin yüksək olduğunu göstərir. Eyni zamanda, yeni investisiya layihələri və müəyyən edilmiş konkret fəaliyyət planları əməkdaşlığın uzunmüddətli perspektivlərindən xəbər verir. Bütövlükdə, Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəm siyasi iradəyə, qarşılıqlı etimada və tarixi-mənəvi yaxınlığa əsaslandığını göstərir. Mövcud əməkdaşlıq modeli iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında formalaşan yeni regional əlaqələrin inkişafına da mühüm töhfə verir".