Türk Dövlətləri Təşkilatının (TDT) perspektivi artdıqca quruma üzv ölkələr daxili məsələlərdə də milli şüurun təbliğatı məqsədi ilə yeni yanaşmalar ortaya qoyurlar. Bu addımlardan biri də Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən atılıb. Qardaş ölkə milli şüuru gücləndirmək məqsədi ilə dərsliklərdə bəzi anlayışların dəyişdirildiyini açıqlayıb. Bunlardan biri də "Türküstan" termini ilə bağlıdır. Belə ki, bundan sonra dərsliklərdə Orta Asiya əvəzinə Türküstan yazılacaq.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl bildirib ki, bu, çoxdan gözlənilən bir məsələ idi:

"30 ildir ki, bizim tərəfimizdən də bu məsələ dəfələrlə qaldırılıb. Amma burada bir məqama da diqqət etmək lazımdır. Orta Asiya SSRİ dövründə meydana çıxan termin idi. Amma Mərkəzi Asiya termininin də qalmasında fayda var. Çünki biri coğrafi olaraq bölgənin adını bildirir, digəri isə türk dünyasının bir parçası anlamına gəlir. Amma eyni zamanda, Türküstan termini də tarixi-mənəvi dəyərlərin yenidən bərpa olunması, xüsusi ilə gənc nəslin yenidən formalaşması, türk şüurunun artması, türk dünyası ilə bağlı çalışmaların daha da dərinləşməsi ilə bağlı gənc nəslə bunun öyrədilməsi məsələləri də önə çıxmalıdır".
"Bütün bunlar 1990-cı illərin əvvəllərində qəbul edilən, hazırlanan məsələlərdir. Sonra təxirə salındı. Ortaq əlifba, Türk Dövlətləri Birliyi, ortaq dil, ortaq tarix, hətta ortaq Elmlər Akademiyasının açılması da o zaman gündəmdə idi. Şükür ki, gec də olsa addımlar atılmağa başlanıldı, vacib məsələlər müzakirə edilir. Önəmli olan isə məsələlərin qəbul edilməsi ilə yanaşı, həm də icrasıdır", - deyə müsahibimiz vurğulayıb.
Professor mayın 15-də TDT-nin Dövlət Başçıları Şurasının "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunan qeyri-rəsmi zirvə görüşündən də danışıb:
"Bu da vacib məsələlərdən biridir. Çünki texnologiya, süni intellekt mövzusunda da əməkdaşlığın artırılması çox vacibdir. Biz dünyada baş verən proseslərdən geri qalmamalı, bunun bir parçası olmalıyıq. Qəbul etdiyimiz qərarlar da dünyaya inteqrasiya istiqamətində öz yerini tapmalıdır. Çünki hərəkət edən qatardan geri düşsək, çox şey itirərik. Ona görə də bütün sahələrdə əməkdaşlıq olduqca vacibdir".