Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyəli politoloq: "ABŞ-nin Ukraynanın sərvətinə ehtiyacı var"
"Şübhəsiz ki, ABŞ nümayəndə heyəti ilə Rusiya rəsmilərinin ABŞ-nin İstanbuldakı səfirliyində keçirdiyi görüşlərdə Ukraynanı necə razı salmaq, zəngin torpaq minerallarının və digər qiymətli yeraltı və yerüstü sərvətlərin paylaşılması müzakirə olunub".
Bunu Oxu.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi İsmayıl Cingöz deyib.
Onun sözlərinə görə bu görüşün İstanbulda keçirilməsi Türkiyə üçün önəmlidir, lakin görüş ABŞ səfirliyində keçirildiyi üçün beynəlxalq hüquqa görə, görüş ABŞ ərazisində keçirilmiş hesab olunur:
"Düzdür, görüş Türkiyədə, amma ABŞ ərazisində keçirilib. Amma bu, Ankaranın nüfuzuna heç bir halda xələl gətirmir, əksinə Türkiyənin gələcəkdə vasitəçi ölkəyə çevrilə biləcəyinin əyani sübutudur. ABŞ və Rusiya Ukraynanı ərazi itkilərini, o cümlədən Krımın Rusiya tərəfindən ilhaqını qəbul etməyə məcbur etmək istəyir. Krımın coğrafiyası və Azov dənizi hövzəsi torpaq mineralları ilə zəngindir və həm də strateji əhəmiyyət kəsb edir. Bu səbəbdən Rusiya əldə etdiyi əraziləri geri qaytarmaq istəmir. Bu baxımdan, Vladimir Putin ABŞ-ni də inandırmaq üçün bəyan etdi ki, "Rusiya nadir torpaq metallarının işlənməsi sahəsində, o cümlədən yeni regionlarda (Ukraynanın işğal olunmuş əraziləri nəzərdə tutulur - red.) xarici tərəfdaşlarla, o cümlədən amerikalı tərəfdaşlarla işləməyə hazırdır". Təbii ki, Tramp Putinin təklifini məmnuniyyətlə qəbul edəcək. İstanbulda keçirilən görüşlərdə Zelenskinin bu planları qəbul etməyə necə məcbur ediləcəyi və razı salınacağı ilə bağlı bütün detalların müzakirə olunduğu dəqiqdir".
"ABŞ-nin Ukraynanın sərvətinə ehtiyacı var və Tramp hesab edir ki, alış-veriş etmək üçün indi ən münbit şərait yaranıb. Zelenskinin isə "Mən vətənimi satmayacağam" vədinə nə qədər əməl edə biləcəyini zaman göstərəcək. Ancaq unutmaq olmaz ki, danışıqlarda Avropa ölkələri kənarda saxlanılır və Avropa liderləri bundan çox narahatdırlar", - deyə analitik əlavə edib.
Qeyd edək ki, dünən - fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı Ağ Evdə baş tutan danışıqlarda gərginlik yaşanıb. Gərgin müzakirələr Ukrayna liderinin ABŞ-nin təhlükəsizlik zəmanətləri verməli olduğunu bildirdikdən sonra başlayıb. Cavab olaraq Tramp Zelenskiyə ABŞ-yə hörmətsizlik göstərdiyini və "Amerikanın nə etməli olduğunu diktə etmək hüququnun olmadığını" söyləyib. Tramp əlavə edib ki, proseslər bu şəkildə davam edə bilməz və Zelenski özünü nə vaxt sülhə hazır hiss etsə, yalnız o zaman geri qayıda bilər. Bu isə Trampın Ukrayna prezidentini Ağ Evdən qovması kimi dəyərləndirlib və statusundan asılı olmayaraq əksəriyyət tərəfindən etirazlarla qarşılanıb.
Mərahim Nəsib
"Türkiyə" teqi üzrə xəbərlər
- Zelenski üçün TRAMPlin: ABŞ Ukraynanı uçuruma itələyir?
- Hakan Fidan Ukraynaya görə Londona gedəcək
- Türkiyədə cinsi zorakılıq edən polisə hökm oxundu: İfadə verən qadına təcavüz etmək istəyib
- Türkiyədə yanacaq tankeri partladı: Ölənlər və yaralananlar var
- Dövlət Departamenti Rusiya və ABŞ nümayəndə heyətlərinin İstanbul görüşünün yekunlarını açıqlayıb