Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Xronika: Alagüney, Alapapaq, Alapars, Alagöllər, Alagölçay - Türk tarixinin izi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Bars türk etnoniminin adını əks etdirən Alapars" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Alagüney, Alapapaq, Alapars toponimi, Alagöllər, Alapapaq oronimi, Alagöl çay və Alapars hidronimi haqqında söz açılıb.
Bildirilib ki, Qərbi Azərbaycanda qədim türk-oğuz yurdlarının izini silmək üçün haylar hiyləyə əl ataraq XX əsrdə soyqırımları törədib, azərbaycanlıları doğma yurdlarından bir neçə dəfə köçürüb, toponimləri dəyişiblər.
Alagöllər - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonun ərazisində dağ adıdır.
Alagölçay - Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonda çay adıdır.
Alagüney - Zəngəzur mahalının Meğri rayonunda mədən yeridir.
Alapapaq - Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayon ərazisində dağ və kənd adıdır. XVIII əsrin axırlarında xarabalığa çevrilən kənd Alapapaq türk tayfasının adı əsasında əmələ gəlib.
Alapars - Dərəçiçək mahalının Axta, sonralar Razdan adlandırılan rayon ərazisində çay və kənd adıdır. Kəndin köklü sakinləri azərbaycanlılar olub və ermənilər buraya 1829-cu ildə köçürülüb. Həmin kəndə İrandan 83 erməni yerləşdirilib. 1840-1850-ci illərdə azərbaycanlılar sıxışdırılaraq tarixi-etnik torpaqlarından çıxarılıb və kənd ermənilərin yaşayış məntəqəsinə çevrilib.
Sonda vurğulanıb ki, tarixi yurdlarımızın izinin itirilməsi erməni millətçilərin məkrli və ədalətsiz siyasətinin əsasını təşkil edib. Amma Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmayıb, hər zaman ədalət yolunu tutaraq haqsızlığa qarşı mübarizəsini davam etdirib. Çünki bu ədalət yolu daşlı-kəsəkli olsa da, bizi doğma yurdumuza, yaşayış məskənlərimizin abadlığına aparır.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
"Qərbi Azərbaycan Xronikası" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Kəndimizin mollasını sovet hökuməti Sibirə sürgün etmişdi"
- Qərbi Azərbaycan Xronikası: "Azərbaycanlılar Türkiyə ilə sərhəddə mitinq keçirirdilər"
- Xronika: "Qərbi Azərbaycanda 300-dən artıq türk-xristian məbədi erməniləşdirilib"
- Qərbi Azərbaycan Xronikası: "Erməni təcavüzü yeniyetmə və gəncliyimi əlimdən alıb"
- Xronika: "Xan Bahadura aid mülkləri orbelyanların adına çıxdılar"