Suriya hakimiyyəti bəyan edib ki, ölkəyə İraq ərazisindən olunacaq istənilən hücum cavabsız qalmayacaq. Dəməşq İraq hakimiyyətindən ölkə ərazisinin Suriyaya qarşı hərbi əməliyyatlar üçün istifadəsinə imkan verməmək üçün tədbirlər görməyi tələb edib.
Məsələ ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Xəyal Bəşirov bildirib ki, İran İraqdakı qüvvələri vasitəsilə Suriyaya təhdid yarada bilər.
O vurğulayıb ki, Yaxın Şərqdəki gərginlik illərdir davam edən Rusiya-Ukrayna müharibəsini ikinci plana atıb:

"Məsələyə geniş aspektdən yanaşdıqda, ilk onu demək lazımdır ki, ABŞ öz şərtləri daxilində İranı masaya oturda bilməməsi səbəbindən zaman-zaman sözügedən ölkəyə hücumlarını davam etdirir. Rəsmi Vaşinqton İrana qarşı əməliyyatlara Körfəz və NATO ölkələrini də cəlb etmək istəyir. Əvvəlki münaqişədə İrana zərbələr İsraillə birlikdə endirilmişdi. Lakin İsrailin ərazisi kiçik, əhalisi isə sıx məskunlaşdığı üçün İranın zərbələri nəticəsində sözügedən ölkənin əhalisi ciddi ziyan gördü. Məhz buna görə də hazırda ABŞ İsraili proseslərdən kənarda saxlayır. İran isə hazırda ABŞ-nin müxtəlif ölkələrdə yerləşən bazalarına zərbələr endirir. ABŞ-nin İrana hücumları tam səngiməyib. Həmçinin bu məsələdə cəbhənin genişlənməsində maraqlı olan ölkələr də var. İran cəbhənin genişlənməsini yalnız proksi qüvvələr vasitəsilə həyata keçirə bilər. Çünki Rusiya və Çin İranın müttəfiqi olsalar da, onlar rəsmi Tehrana yalnız texniki və kəşfiyyat məlumatları ilə dəstək verə bilərlər. Sözügedən ölkələr heç vaxt İranın apardığı müharibəyə qoşulmayacaqlar".
Ekspert xatırladıb ki, İraqın yeni baş naziri seçkidən sonra həm ABŞ-yə, həm də İrana səfərlər edib:
"Əli əl-Zeydi hər iki ölkəyə səfər edərək məlumat mübadiləsi də həyata keçirdi. Düşünürəm ki, proses nəticə vermədi. Çünki tərəflər ilkin şərtlərindən geri çəkilmək istəmirlər. Baş verən proseslər sübut edir ki, Yaxın Şərqdəki gərginlik səngiməyə bilər. Ən azı, bu, üfüqdə görünmür. Düşünürəm ki, vəziyyət getdikcə daha da alovlanacaq. İranın Hörmüz boğazında gəmi naviqasiyasını xaotik vəziyyətə gətirməsi, uranın zənginləşdirilməsindən imtina etməməsi ABŞ-nin təzyiqlərinin davam edəcəyi anlamına gəlir. Düzdür, müharibələr masa arxasında həll olunur, lakin tərəflərin yaxın zamanda danışıqlar masasına oturacağı inandırıcı görünmür. Bu baxımdan proses daha da gərginləşəcək".