Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Zelenski üçün TRAMPlin: ABŞ Ukraynanı uçuruma itələyir?
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfəri zamanı Ağ Evdə baş tutan danışıqlarda dünya gündəmini zəbt edən gərginlik yaşandı. Yüksək tonda aparılan müzakirələr Ukrayna liderinin ABŞ-nin təhlükəsizlik zəmanətləri verməli olduğunu bildirdikdən sonra başladı. Cavab olaraq Tramp Zelenskiyə ABŞ-yə hörmətsizlik göstərdiyini və "müzakirə başlayandan bir dəfə belə təşəkkür etmədiyini" bildirdi.
Mübahisəyə zəmin yaradan əsas amillərdən biri də ABŞ və Ukrayna arasında nadir metallarla bağlı sazişin imzalanmasının ləğv edilməsi olub. Zelenski buna səbəb kimi sazişdə Ukraynanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəndin yer almadığını qeyd edib və o, vətənini satmayacağını deyib. Gərginlik pik həddə çatandan sonra Tramp Zelenskidən getməsini istəyib və ona sülhə nə zaman hazır olsa, yalnız o zaman Ağ Evə qayıda biləcəyini deyib.
Zelenskinin Ağ Evdən erkən ayrılması Trampla olan gərgin müzakirələrdən sonra baş verib. Bu hadisə ABŞ və Ukrayna arasında hazırda davam edən gərgin münasibətləri bir daha nümayiş etdirib. Əbəs deyil ki, görüşü şərh edən Tramp Volodimir Zelenskinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazır olmadığını bildirib və cavab olaraq ABŞ Dövlət Departamenti Ukraynanın enerji infrastrukturunun bərpası üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yüz milyonlarla dollar dəyərində proqramını bağlayıb. Zelenski isə Trampdan fərqli olaraq, Ağ Evdəki mübahisədən sonra verdiyi ilk bəyanatda minnətdarlığa üstünlük verib və həm Amerika xalqına, həm prezidentinə, həm də konqresinə təşəkkür edib.
Təbii ki, Ağ Evdə baş verən gərgin görüş zamanı Tramp ilə Zelenski arasındakı kəskin fikir ayrılığı dünya miqyasında geniş əks-səda doğurub. Ukraynaya dəstək verən bəzi siyasətçilər Tramp və Vensin mövqeyini sərt şəkildə tənqid ediblər.
İspaniyanın Baş naziri Pedro Sançes Ukraynaya açıq dəstək verərək, "Ukrayna, İspaniya sizin yanınızdadır. Əziz ukraynalı dostlar, yalnız deyilsiniz" deyib. Polşanın Baş naziri Donald Tusk da oxşar mesaj verərək, "Əziz Zelenski, əziz ukraynalı dostlar, yalnız deyilsiniz", Kanadanın xarici işlər naziri Melani Joli Qərbin "təhlükəsizlik böhranı" yaşadığını, almaniyalı millət vəkili Yohan David Vadeful Ağ Evdə baş verənlərin "şokedici" olduğunu və Azad Avropanın Ukraynanı tək qoymayacağını bəyan ediblər.
Yəni Tramp, əslində, özü də bilmədən Zelenskinin nüfuzunu dünyada və Ukraynada qaldırıb. Fakt budur ki, Donald Tramp bu yolla Kiyevə və Zelenskiyə təzyiq göstərməyə və onun xüsusən də nadir torpaq metalları üzrə müqavilə ilə bağlı güzəştə getməsinə çalışırdı. Ancaq bu, heç bir xüsusi nəticə vermədi. Əgər Ukrayna Ali Radası bir müddət əvvəl Zelenskiyə dəstək bəyanatını ilk oxunuşda qəbul etməmişdisə, məhz Trampın Zelenskiyə hədə-qorxuları dəstək bəyanatının ikinci oxunuşda qəbul edilməsi ilə nəticələndi. Nəticədə Zelenskinin düşən reytinqi artdı və xalq onun ətrafında bir şüar altında birləşdi: "O, bizim prezidentimizdir, onu biz seçmişik. Onun taleyini bizdən başqası həll edə bilməz". Bu isə o deməkdir ki, Donald Trampın Zelenskiyə təzyiq göstərmək cəhdi baş tutmadı.
Məsələyə beynəlxalq hüquq və diplomatik münasibətlər çərçivəsində baxanda isə görüşün fiaskodan başqa bir şey olmadığını deyə bilərik. Çünki Zelenskini Ağ Evə Prezident Tramp qonaq çağırıb, o, ev sahibidir, lakin qonaq həmkarını hamının gözü qarşısında alçaldır və qovur. Digər tərəfdən, iki dövlət başçısı bərabərhüquqlu şəkildə söhbət edirsə, siyasi etika və hüquq üçüncü tərəfdaş şəxsin müdaxiləsini yolverilməz edir. Lakin Prezident Tramp həmkarı Zelenski ilə danışır, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens isə kənardan müdaxilə edir, Zelenskiyə əsəbiləşir, tez-tez onun sözünü kəsir və küçə davasında olduğu kimi, qonaq prezidenti təkləyib, hədə-qorxu gəlirlər. Bu isə demokratik dəyərlərin beşiyi kimi qələmə verilən ölkə və o ölkənin sülhdən danışan rəhbəri üçün əsl fiasko və biabırçılıq idi. Yoxsa Putin və Tramp həqiqətənmi Zelenskini sarsıtmaq üçün birlikdə addım atırlar? Amma niyə də olmasın? Tramp biznesmendir, Zelenskidən tələb edir ki, müharibə dövründə ödənilən pulları geri qaytarsın, Zelenski isə bir sent belə geri qaytarılmayacağını deyir. Putin isə əksinə olaraq, Trampa vəd verir ki, Rusiya nadir torpaq metallarının işlənməsi sahəsində, o cümlədən yeni regionlarda (Ukraynanın nəzarətindən çıxmış ərazilər nəzərdə tutulur - red.) xarici tərəfdaşlarla, o cümlədən amerikalı tərəfdaşlarla işləməyə hazırdır. Bu isə bir biznesmen üçün ələdüşməz fürsətdir və Tramp da peşəsinə uyğun olaraq, bu fürsəti dəyərləndirir.
Bu məqamda Zelenski-Tramp görüşündən cəmi 10 gün əvvəl Türkiyədə baş tutan Ərdoğan-Zelenski görüşünü xatırlada bilərik. Ukrayna dövlət başçısı türkiyəli həmkarına yüksək qonaqpərvərliyə görə təşəkkür edib və bildirib ki, danışıqlar ədalətli olarsa, Ukrayna, ABŞ və Avropa masa arxasında olarsa, bütün ölkələrin iştirakı ilə təminatlar hazırlanacaq. Bu ölkələr arasında Türkiyə də var.
Prezident Ərdoğan da çıxışında müharibənin artıq sona çatmalı olduğunu vurğulayıb və sülhün bərqərar olması üçün göstərilən səylərdən danışıb. Hətta Ərdoğan Zelenskini qarşılayarkən, hava yağışlı olduğu üçün onun öz çətirinin altına alıb və göstərdiyi siyasi etika ilə həm də mesajını ünvanlayıb.
Bu məqamda isə sadəcə, qədim yunan filosofu Platonun bir sözü yada düşür və bu sözü görüşün qısa təhlili də adlandıra bilərik:
"Demokratiyalar ortaya uğurlu sistemlər çıxarmaqla yanaşı, idarəçilikdən və ədəb-ərkandan bixəbər şəxslərin də hakimiyyətə yolunu açır".
Mərahim Nəsib