Bu günlərdə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi Kollegiyanın rəhbərliyindən və Vəkillərin İntizam Komissiyasının bir sıra üzvlərindən ibarət nümayəndə heyəti Almaniyaya təcrübə səfərinə yola düşüblər.
Bu barədə Oxu.Az-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə baş tutan səfərin əsas məqsədi Azərbaycan və Almaniya vəkillər kollegiyaları arasında əməkdaşlıq münasibətlərinin qurulması, vəkillərin intizam məsələlərinə baxılması ilə bağlı Almaniya təcrübəsinin öyrənilməsi, habelə müvəkkillər və vəkillər arasında hüquqi xidmətlərin göstərilməsi sahəsində yaranan mübahisələrin həlli və sair məsələlər barəsindən təcrübə mübadiləsinin təmin edilməsi təşkil olunmasıdır.
Səfərin birinci günü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndə heyəti Almaniya Federal Vəkillər Palatasının sədri Ulrix Vessel tərəfindən qəbul edilib.
Qonaqları salamlayan cənab Vessel Azərbaycanda vəkillik sahəsində son dövrlər qısa müddət ərzində görülmüş və aparılan islahatlar barəsində məlumatlı olduğunu və bu sahədəki inkişafın onda xoş təəssürat buraxdığını bildirib, Almaniya Federal Vəkillər Palatasının beynəlxalq əlaqələrə xüsusi əhəmiyyət verdiyini və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə əlaqələrin inkişaf etdirilməsində səylərini əsirgəməyəcəklərini ifadə edib.
Eyni zamanda, Almaniya Federal Vəkillər Palatasının azərbaycanlı vəkillər üçün vəkillik sirri, vəkillərin peşə davranışı standartları, mülki və cinayət işlərində vəkillərin müdafiə işinin təşkili istiqamətində təlimlərin təşkili, bu sahədə almaniyalı ekspertlərin cəlb olunmasına hazır olması cənab Vessel tərəfindən səsləndirilib.
Bundan başqa, görüşdə Ulrix Vessel sədr Anar Bağırovu növbəti ildə də ölkəsinə dəvət edib və cənab Bağırov həmin dəvəti məmnunluq hissi ilə qəbul etdiyini bildirib.
Daha sonra Anar Bağırov səmimi şəraitdə keçirilən görüşə görə cənab Vessele öz təşəkkürünü bildirib, ölkəmizdə vəkil peşəsinin daha da təkmilləşdirilməsi üzrə görülən işlər barəsində müxtəsər məlumatla çıxış edib və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının növbəti dövrdə Almaniya Federal Vəkillər Palatası ilə hərtərəfli əməkdaşlıq münasibətlərində maraqlı olduğunu səsləndirib.
Görüşdə Vəkillər Kollegiyasının sədr müavini Aydın Axundov, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov və sədr müavini İlhamə Həsənova, Vəkillərin İntizam Komissiyasının bir sıra üzvləri, GİZ təmsilçiləri və Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü Rudolf Lauda da iştirak ediblər.
Vəkillər Kollegiyasının sədrinin iki gün davam edən rəsmi səfərindən sonra Vəkillərin İntizam Komissiyasının üzvləri üçün bir həftəlik nəzərdə tutulmuş təcrübə səfəri öz işinə başlayıb.